Home » BRICS – iqtisadi inteqrasiya üçün strateji tərəfdaşlığın yeni istiqaməti

BRICS – iqtisadi inteqrasiya üçün strateji tərəfdaşlığın yeni istiqaməti

by ulviyya
0 comment 1 views 3 minutes read

Azərbaycanın BRICS-də iştirakı strateji uğurlar və iqtisadi əməkdaşlıq perspektivləri vəd edir. Prezident İlham Əliyevin  Rusiyaya səfəri və Kazan şəhərində XVI BRICS Sammitində iştirakını şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirib ki, BRICS 2009-cu ildə ticarət, investisiya və maliyyə əməkdaşlığını artırmaq, elm, texnologiya və innovasiyalar sahəsində birgə əməkdaşlığı inkişaf etdirmək, eləcə də, mədəni, sosial və humanitar mübadiləni təşviq etmək məqsədilə yaradılıb. Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası ilə yaradılan BRICS -ə üzv ölkələrin sıraları sonradan daha da genişlənib. Dünya əhalisinin 45 faizini, qlobal iqtisadiyyatın 37%-dən çoxunu əhatə edən BRİCS artıq yeni gücə və yeni iqtisadi tərəfdaşlıq platformasına çevrilməkdədir. Bu isə, təbii ki, təşkilat üzvləri üçün çoxşaxəli və yeni inkişaf imkanları yaradır. Mütəxəssislərin fikrincə, 2050-ci ilə qədər BRICS -ə daxil olan üzv ölkələrin ümumi iqtisadiyyatı dünyanın ən zəngin ölkələrinin cəmi iqtisadiyyatlarını geridə qoyacaq.

Aqil Əsədov qeyd edib ki, Azərbaycanın BRICS-in əksər üzvləri ilə bu və ya digər dərəcədə iqtisadi əlaqələri formalaşıb və inkişaf etməkdədir. 2023-cü ilin rəqəmləri Azərbaycanın  xarici ticarət dövriyyəsində BRICS ölkələrinin payının təqribən 18% təşkil etdiyini göstərir ki, bu da 2022-ci illə müqayisədə 13.5% artım deməkdir. Ümumilikdə isə, 2021-2023-cü illərdə idxal, ixrac, ümumi ticarət dövriyyəsində BRICS üzvlərinin payı aşağıdakı diaqramlarda əks olunur:

Göründüyü kimi, idxalda Rusiya və Çin, orta hesabla, 18% və 15.7%-lə üstünlük təşkil edir.

İxracda isə, Rusiya və Hindistan daha çox xüsusi çəkiyə malikdir. Belə ki, ölkəmizin ümumi ixracının, orta hesabla, 3.2%-i Rusiyanın, 3.4%-i isə Hindistanın payına düşür.

Ümumilikdə, BRİCS üzvləri ilə ticarət dövriyyəsinə gəldikdə isə, ilk üçlükdə, orta hesabla, 8.1%-lə Rusiya, 5.2%-lə Çin və 2.9%-lə Hindistan  yer alır.

İİTKM-in şöbə müdiri diqqətə çatdırıb ki, Kazanda keçirilən 16-cı Sammitdə daha 30 ölkənin BRICS-ə üzv olmaq və ya tərəfdaşlıq üçün müraciət etdiyini nəzərə aldıqda, bu beynəlxalq platformanın gələcəkdə daha genişmiqyaslı iqtisadi əlaqələrin qurulmasında əhəmiyyəti artmış olur. Müraciət edən ölkələr içərisində Türkiyə, Pakistan, Qazaxıstan kimi iqtisadi əlaqələrimizin daha güclü olduğu dövlətlər də var.

Aqil Əsədov vurğulayıb ki, ölkəmizin BRICS beynəlxalq platformasına üzvlük təşəbbüsü iqtisadi inteqrasiya, enerji resurslarının istifadəsi, investisiya və infrastruktur layihələri, üzv ölkələr arasında mədəni və sosial əməkdaşlığın inkişafı, ölkənin xarici siyasətinin daha da şaxələndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycanın BRICS-ə üzv olması, iqtisadi, siyasi və sosial sahələrdə geniş imkanlar təqdim edərək, ölkənin beynəlxalq mövqeyini gücləndirməklə, həm regional, həm də qlobal səviyyədə daha balanslı və ədalətli bir sistemin yaradılmasına yönəlmiş müsbət bir addım olacaq. Təşkilat daxilində nəqliyyat dəhlizlərinə diqqətin artırılması, nəqliyyat infastrukturunun inkişafı, limanların artırılması, təkmilləşdirilməsi və s. kimi məsələlər prioritetdir ki, bunlar da Avropa və Asiya arasında mühüm nəqliyyat-tranzit qovşağı olan Azərbaycanın əhəmiyyətini daha da artırır, eləcə də ölkəmin potensial imkanlarından daha səmərəli istifadəyə imkan yaradır. Bütün bunlar, belə deməyə əsas verir ki,  BRICS – iqtisadi əməkdaşlıq və inkişaf üçün strateji tərəfdaşlığın yeni istiqamətidir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.