İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) cari ilin aprel ayının 1-dən başlayaraq ali təhsil müəssisələrinin tələbələri üçün iki hissədən ibarət olan sayca üçüncü “Yay Təcrübə Proqramı”na qəbul elan edir. Proqramda iştirak etmək istəyən tələbələr qeyd olunan tarixdən aprelin 30-dək elanda göstərilən qaydada Dövlət Vergi Xidmətinə müraciət etməklə seçim turlarına qoşula bilərlər.
“Yay Təcrübə Proqramı”nın seçim turu 3 mərhələdən ibarət olacaq. 1-ci mərhələ sənəd qəbulu üzrə ilkin yoxlamanın aparılması, 2-ci mərhələ namizədlərin təqdimat video çıxışlarının dəyərləndirilməsi, 3-cü mərhələ isə namizədlərin keys əsaslı qrup tapşırıqları üzrə qiymətləndirilməsi ilə bağlıdır.
“Yay Təcrübə Proqramı” iyunun 28-dən avqustun 30-dək davam edəcək. Hər üç seçim mərhələsindən uğurla keçən tələbələr 7 gün müddətində DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil ediləcək yay düşərgəsində iştirak hüququ qazanacaqlar. Tədris Mərkəzində onlara peşəkar təlimçilər tərəfindən vergi inzibatçılığı və digər mövzularda təlimlər təşkil olunacaq. Daha sonra tələbələr DVX-nın Bakıda və regionlarda yerləşən struktur bölmələrində 8 həftə müddətində təcrübə keçəcəklər.
Proqramda iştirak etmək üçün sənəd qəbulu tecrube@taxes.gov.az elektron poçt ünvanı vasitəsilə 1 aprel 2024-cü il saat 09:00-dan 30 aprel 2024-cü il saat 23:59-dək həyata keçiriləcək. Müraciətlər göndərilərkən mövzu hissəsində “Yay Təcrübə Proqramı 2024” qeyd edilməsi ilə yanaşı, şəxsiyyət vəsiqəsi, tələbə bileti və akademik transkript mütləq qaydada fayl şəklində məktuba əlavə olunmalıdır.
Proqramda iştirak etmək üçün namizədlərə qoyulan tələblər:
- Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- Yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində və ya 1-ci və ya 2-ci kurs magistratura pilləsində iqtisadiyyat, hüquq və ya idarəetmə ixtisas istiqamətləri üzrə təhsil almalı;
- Cari tədris ilinin payız semestri üzrə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 80 baldan (4 ballıq sistem üzərindən 3 baldan) yuxarı olmalıdır.
“Yay Təcrübə Proqramı”nın əsas məqsədi tələbələrin bilik və bacarıqlarının artırılmasına və şəxsi inkişafına dəstək verməkdir. Tələbələr təcrübə proqramı vasitəsilə nəzəri biliklərini tətbiq etmək, vergi sahəsində yeni bilik və bacarıqlar formalaşdırmaq imkanı qazanacaqlar. Həmçinin, proqramı uğurla tamamlayan tələbələrin namizədliyi dövlət vergi orqanlarına daimi işə qəbul üçün dəyərləndirilə bilər.
Qeyd edək ki, əvvəlki “Yay Təcrübə Proqram”larında yüksək nəticələr əldə etmiş tələbələr işə qəbul üzrə müsabiqədən uğurla keçərək dövlət vergi orqanlarında işlə təmin olunublar.
Ətraflı məlumat üçün linkə keçid:
https://www.taxes.gov.az/az/post/3186