
Dövlət xəzinədarlığına daxil olan sənədlərin icra müddəti əhəmiyyətli dərəcədə qısalıb. Maliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib ki, bu müddət ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfəyədək sürətlənib.
İclasda Dövlət Xəzinədarlıq Agentliyi və Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyəti, həmçinin qarşıdakı dövr üçün prioritetlər müzakirə olunub. Maliyyə naziri Sahil Babayev ölkədə həyata keçirilən ardıcıl sosial-iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyin gücləndiyini və maliyyə dayanıqlığının təmin edildiyini vurğulayıb.
Qeyd olunub ki, 2026-cı ilin ilk rübündə dövlət büdcəsinin gəlirləri 9,6 milyard manat təşkil edib və proqnoz 5% üstələnib. Eyni dövrdə büdcə xərcləri 7,8 milyard manatdan çox olub.
Rəqəmsallaşma istiqamətində görülən işlər çərçivəsində real vaxt rejimində məlumat əldə etməyə imkan verən “Maliyyə Hesabatlılıq Portalı” yaradılıb. Bununla yanaşı, xəzinə əməliyyatlarının vahid mərkəzdən idarə olunması və xidmətlərin unifikasiyası təmin edilib.
Eyni zamanda, dövlət maliyyə nəzarəti sahəsində də tədbirlər gücləndirilib. 2025-ci il və 2026-cı ilin birinci rübündə 157 obyekt üzrə aparılan yoxlamalar zamanı aşkar edilən maliyyə pozuntuları aradan qaldırılıb, artıq vəsaitlərin büdcəyə qaytarılması təmin olunub və qanun pozuntularına yol verən şəxslər barəsində tədbirlər görülüb.
Kollegiya iclasında bildirilib ki, risk əsaslı yanaşmanın tətbiqi, rəqəmsal sistemlərin genişləndirilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi dövlət maliyyəsinin şəffaflığını və səmərəliliyini daha da artıracaq.




