1
Energetika naziri Pərviz Şahbazovla Dünya Bankının energetika üzrə missiya
heyəti arasında görüş olub. Bankın energetika üzrə böyük mütəxəssisi, Tapşırıq
qrupunun rəhbəri Rocer Koma Kunil, təcrübə meneceri Stefani Gil və digər
nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə bərpa olunan enerji mənbələrinin
şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin
gücləndirilməsinin maliyyələşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib. 2 QVt-dək
gücdə bərpa olunan enerji mənbələrinin enerjisisteminə inteqrasiyası üçün şəbəkənin
gücləndirilməsi, “Masdar” şirkəti tərəfindən inşa olunacaq 1 QVt gücündə günəş və
külək elektrik stansiyalarının şəbəkəyə qoşulması tədbirlərinin icra vəziyyəti və
maliyyələşdirmə imkanları nəzərdən keçirilib. AZURE layihəsi çərçivəsində 315 MVt
gücündə “Bankə” və 445 MVt gücündə “Biləsuvar” günəş elektrik stansiyalarının enerji
sisteminə qoşulmasının vaxtında həyata keçirilməsi üçün müvafiq proseslərin
tezləşdirilməsinin vacibliyi qeyd olunub.
Görüşdə, həmçinin AZTAF proqramı çərçivəsində “Enerji səmərəliliyi və iqlim”
texniki yardım layihəsinin “Enerji Effektivliyi Fonduna dəstək və Milli Renovasiya
Proqramının Yol Xəritəsi” komponenti üzrə görülən işlər, eləcə də Dünya Bankı ilə enerji
sahəsində əməkdaşlıq gündəliyinin digər aspektləri ətrafında fikir mübadiləsi aparılıb.