
Maliyyə Nazirliyinin istifadəyə verdiyi “e-müqavilə” altsistemində 2026-cı ilin ilk yarısı üzrə yüksək istifadəçi aktivliyi qeydə alınıb. Sistem dövlət satınalmalarında müqavilələrin elektron qaydada hazırlanması, razılaşdırılması, imzalanması və icrasına nəzarətin vahid platforma üzərindən həyata keçirilməsini təmin edir.
BBN.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, hesabat dövründə 872 satınalan təşkilat sistemdə qeydiyyatdan keçib, 1 487 təchizatçı isə platformaya qoşulub.
İmzalanan müqavilələrin strukturunda xidmətlərin göstərilməsi 45,43 faizlə ən böyük paya sahib olub. Malların satın alınması üzrə müqavilələr 40,2 faiz, işlərin görülməsi ilə bağlı müqavilələr isə 14,37 faiz təşkil edib.
Ümumilikdə, 2026-cı ilin ilk altı ayında “e-müqavilə” altsistemi vasitəsilə ümumi dəyəri 1 milyard manatı ötən 2 414 müqavilə bağlanıb.
Qeyd edək ki, “e-müqavilə” Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2026-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin tərkib hissəsi kimi fəaliyyət göstərir. Cari ilin 10 aprel tarixindən istifadəyə verilən altsistem “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq satınalma müqavilələrinin elektron formada hazırlanmasını, razılaşdırılmasını, imzalanmasını və bütün proseslərin vahid platforma üzərindən izlənilməsini təmin edir.




