
Bu il sentyabrın 30-na olan məlumata əsasən, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfelinin dəyəri 948 milyon avro təşkil edib.
Bunun 37 %-i özəl sektorun payına düşür. Hazırda ölkədə 35 layihə aktivdir.
Avqustun 31-i ilə müqayisədə bankın kredit portfelinin həcmi 0,63 % və yaxud 6 milyon avro azalıb.
EBRD-nin açıqlamasına əsasən, cari portfelin əsas hissəsi — 89 %-i və ya 842 milyon avro — davamlı infrastrukturun inkişafına, 6 %-i və ya 56 milyon avro — maliyyə institutlarına, 5 %-i və ya 49 milyon avro isə korporativ sektora yönəldilib.
Ümumilikdə EBRD Azərbaycanda 200 layihənin həyata keçirilməsinə 3,661 milyard avro investisiya yatırıb.
Bankın ölkədəki əməliyyat aktivlərinin dəyəri sentyabrın 30-na 703 milyon avro olub. Bu göstərici avqustun 31-i ilə müqayisədə 0,9 % və yaxud 6 milyon avro artıb.
Qeyd edək ki, ötən il EBRD Azərbaycanda 8 layihənin maliyyələşdirilməsi üçün ümumilikdə 199 milyon avro kredit ayırıb. Bu isə əvvəlki illə müqayisədə 27,6 % və yaxud 43 milyon avro çoxdur.







