
Azərbaycanda daxili auditləri tam mənada işə salmaqla xeyli dərəcədə dövlət vəsaitinin yeyintisinin qarşısını almaq olar.
BBN.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bununla bağlı nəticə əldə etmək üçün qabaqlayıcı tədbirlər çox mühüm əhəmiyyət kəsb edir: “Qabaqlayıcı tədbirlər həyata keçirməklə biz çox milyonlu pozuntuların qarşısını almaqla yanaşı, eyni zamanda çox milyonlu yeyintilərin də aradan qaldırılması istiqamətində mühüm deməli nəticələrə nail ola bilərik. Bir şərtlə ki, daxili audit sahəsindəki çatışmazlıqları aradan qaldırıb, sözün həqiqi mənasında daxili auditi işə salaq”.
Deputat qeyd edib ki, Hesablama Palatası 1,5 milyard manatdan çox vəsaitin nöqsan və təhriflər kontekstində aradan qaldırılması üzrə çox vacib nəticəyə nail olub: “Hesablama Palatasının saxlanılmasına çəkilən xərclərlə, onun büdcəyə bərpa etdiyi vəsaiti müqayisə eləyəndə görürük ki, arada 10 dəfədən çox fərq var. Hesablama Palatasının bundan da artıq işlər görə bilməsi üçün onun səlahiyyətlərinin artırılması və həmin səlahiyyətlərə uyğun surətdə onun işçi sayının da optimallaşdırılması çox vacibdir”.




