Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları” üzrə altqrupunun fəaliyyəti çərçivəsində “ESG üzrə vahid rəqəmsal platforma” konsepsiyasının təqdimatı keçirilib.
“Bakı KOB evi”ndə təşkil olunmuş tədbirdə Azərbaycan Banklar Assosiasiyasını (ABA) “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”nda təmsil edən ekspertlər və bu istiqamətdəki digər rəhbər şəxslər də daxil olmaqla, altqrupa üzv olan dövlət qurumlarının, yerli və beynəlxalq özəl şirkət və təşkilatların nümayəndələri, eləcə də digər maraqlı tərəflərin məsul şəxsləri iştirak ediblər.
Tədbirdə ESG üzrə vahid rəqəmsal platformanın yaradılmasından irəli gələn məsələlər, o cümlədən konsepsiyanın layihə icra formatı müzakirə edilib, ESG üzrə beynəlxalq ekspertlərin təklif və tövsiyələri dinlənilib, iştirakçıların sualları cavablandırılıb.
Tədbir tematik sahələr üzrə müzakirələrlə davam edib və tədbirin sonunda tematik sahələr üzrə yol xəritələri və icra layihələri razılaşdırlaraq qəbul edilib.
Xatırladaq ki, ESG üzrə vahid rəqəmsal platformanın yaradılması müvafiq sahənin fəaliyyətinin əlaqələndirilməsində və ESG üzrə məlumatlandırıcı resursların idarəedilməsində əhəmiyyətli olacaqdır.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.