
Azərbaycanda dövlət satınalmaları sahəsində təchizatçıların vahid reyestrinin yaradılması təklif olunur.
Məlumata görə, bu təşəbbüslə Hesablama Palatası 2025-ci ildəki fəaliyyətinə dair hesabatında çıxış edib.
Hazırda mövcud təcrübədə əsasən etibarsız təchizatçıların reyestri formalaşdırılır. Lakin bu yanaşmanın bazarın tam mənzərəsini əks etdirmədiyi və satınalma proseslərinin effektivliyini məhdudlaşdırdığı bildirilir.
Bu səbəbdən Palata yalnız etibarsız deyil, bütün potensial təchizatçıları əhatə edən vahid reyestrin yaradılmasını təklif edir.
Qeyd olunur ki, belə bir reyestr potensial iştirakçıların daha operativ müəyyənləşdirilməsinə, rəqabət mühitinin genişlənməsinə və satınalma proseslərində şəffaflığın artırılmasına xidmət edə bilər.
Bundan əlavə, vahid təchizatçı bazasının formalaşdırılmasının dövlət satınalmalarında planlaşdırmanın keyfiyyətini artıracağı və prosedurların daha səmərəli həyata keçirilməsinə imkan verəcəyi vurğulanır.




