İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) hər il olduğu kimi 2024-cü ildə də universitet-sənaye tədqiqat əməkdaşlığı uğurla həyata keçirilib. Belə ki, sənaye müəssisələri və universitetlərin “Tədqiqat və İnkişaf”la bağlı əməkdaşlığının gücləndirilməsi məqsədilə tələbələr İİTKM-də iqtisadi təhlil və innovativ layihələr üzrə tədqiqat və təcrübəyə cəlb olunublar.
“İslahat Könüllüləri” təşkilatının rəhbəri İsmət Mehrəliyeva bildirib ki, bakalavr tələbələrindən 10 nəfər Bakı Mühəndislik Universitetinin, 5 nəfər Azərbaycan Memarlıq və İnşaat Universitetinin, 3 nəfər Sumqayıt Dövlət Universitetinin, 17 nəfər Xəzər Universitetinin, iki nəfər Azərbaycan Dövlət İqtisad Universitetinin müraciəti ilə istehsalat təcrübələrini İİTKM-də tamamlayıblar. Onlar təcrübə müddətində startap ekosistemi və innovasiyalar, data analitika, maliyyə, rəqəmsal ticarət, nəqliyyat və logistika, insan resursları, ictimaiyyətlə əlaqələr kimi sahələrdə tədqiqata cəlb olunublar.
İsmət Mehrəliyeva vurğulayıb ki, yerli universitetlərlə yanaşı, xarici universitetlərlə də uğurlu əməkdaşlıq qurulub. Belə ki, Macarıstanın “Mathias Corvinus Collegium” Universitetinin tələbəsi İİTKM-in nəzdində fəaliyyət göstərən “Enterprise Azerbaijan” portalında, Qazaxıstanın Hoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetinin tələbəsi Türk Dünyası Araşdırmalar Mərkəzində, Vebster Vyana Özəl Universitetinin tələbəsi Rəqəmsal Ticarət Qovşağında, Türkiyənin Bilkent Universitetinin tələbəsi isə İqtisadi təhlil şöbəsində rəsmi müraciət əsasında təcrübə və tədqiqata cəlb olunub.
Bununla yanaşı, tədqiqat dövründə tələbələrə “İqlim dəyişikliyi və onunla mübarizə”, “Davamlı inkişaf və yaşıl bankçılıq”, “Yaşıl iqtisadiyyatın inkişafında elektron ticarətin rolu” kimi mövzularda təlimlər keçirilib.