
Bu il İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) məxsus Situasiya Mərkəzində məlumatların emalı və təhlili prosesində süni intellekt alətlərinin tətbiqi nəzərdə tutulur.
Bu barədə Agentliyin 2025-ci ilə dair fəaliyyət hesabatında qeyd olunub.
Sənədə əsasən, ötən il Mərkəzə daxil olan məlumatların təhlükəsiz, strukturlaşdırılmış və rahat şəkildə toplanması və emalı məqsədilə xüsusi veb-proqram təminatı hazırlanıb. Proqram çərçivəsində yeni analitik və monitorinq dashboardları formalaşdırılaraq inteqrasiya edilib. Həmçinin sistemdən istifadə üçün müvafiq istifadəçi və inzibatçı təlimatları hazırlanıb.
Agentlik bildirib ki, Situasiya Mərkəzində toplanmış məlumatlar əsasında bu günədək ümumilikdə 49 hesabat hazırlanıb. Hazırda digər operatorların da Mərkəzə inteqrasiyası prosesi davam edir.
Qeyd edək ki, Situasiya Mərkəzi operatorların əməliyyat və performans göstəricilərinə nəzarət, baş vermiş insidentlərin məlumatlandırılması və idarə olunması sisteminin qurulması, məlumat mübadiləsinin təşkili, qərarvermə prosesinin gücləndirilməsi, eləcə də aidiyyəti qurumlar arasında əlaqənin təmin edilməsi məqsədilə yaradılmış idarəetmə və monitorinq mərkəzidir.





