
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan hökumətinin 2025-ci ildə genişlənən büdcə siyasəti həyata keçirəcəyini və dövlət xərcləri vasitəsilə iqtisadi artımı dəstəkləyəcəyini bildirib.
IMF-nin hesabatında qeyd olunur ki, 2026-cı ildən etibarən hökumət xərcləri azaldaraq daha dar maliyyə siyasətinə keçid edəcək. Bu dəyişiklik əsasən kapital xərclərinin — infrastruktur və dövlət investisiyalarının — azalması ilə əlaqədardır.
Hesabatda vurğulanır ki, Qafqaz və Mərkəzi Asiya (CCA) regionunda, o cümlədən Azərbaycanda, 2025-ci ildə maliyyə siyasəti genişlənən, 2026-cı ildən etibarən isə daralan xarakter daşıyacaq:
“CCA ölkələrində 2025-ci ildə maliyyə siyasəti ümumilikdə genişlənən olsa da, 2026-cı ildən etibarən daralacaq. Bu dəyişiklik Azərbaycanda kapital xərclərinin azalması, Qazaxıstanda isə neftdənkənar gəlirlərin artırılması istiqamətində islahatlarla bağlıdır.”
IMF-nin qiymətləndirməsinə əsasən, 2025-ci ildə büdcə xərclərinin iqtisadi fəallığı dəstəkləməsi, daha sonra isə büdcə konsolidasiyasına keçid ölkədə fiskal sabitliyi gücləndirəcək və dövlət maliyyəsinin dayanıqlılığını artıracaq.
Qeyd edək ki, IMF 2025-ci il üzrə Azərbaycanın real ÜDM artımını 3 %, 2026 və 2030-cu illər üzrə isə 2,5 % səviyyəsində proqnozlaşdırıb.







