İqtisadi Zonaların İnkişafı Agentliyi 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” sərgisində öz stendi ilə iştirak edir.
Maraqla qarşılanan stenddə sərgi iştirakçılarına ölkədə fəaliyyət göstərən sənaye parklarında sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq olunan vergi və gömrük güzəştləri, işğaldan azad edilmiş ərazilərdə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının baş planları və hər iki sənaye parkında görülmüş işlər barədə məlumatlar verilir.
Sərgi çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin Biznes layihələrin təhlili bölməsinin müdiri Aqşin İbişsoy “Ağdamın işıqlı sabahı” mövzusuna həsr edilən panel iclasda Ağdam Sənaye Parkında görülmüş işlər, həyata keçirilən layihələr barədə çıxış edib.
Sərgidə həmçinin, Sumqayıt Kimya, Hacıqabul, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının bir çox rezidentləri öz stendləri ilə təmsil olunur.
Qeyd edək ki, Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı sərgisi 17 oktyabradək öz işini davam etdirəcək.