
Bakıda keçirilən Islamic Development Bank Groupnun Özəl Sektor Forumu çərçivəsində Azərbaycan pavilyonu təşkil olunub.
Pavilyon “İnteqrasiya olunmuş Azərbaycan: İnvestisiya, innovasiya və Made in Azerbaijan” mövzusunda qurulub. Burada ölkənin iqtisadi imkanları vahid platformada təqdim edilir.
Pavilyonda iqtisadi zonalar, kiçik və orta biznes, sənaye, ixracın və investisiyaların təşviqi, fintek, maliyyə ekosistemi, daşınmaz əmlak, şəhərsalma, enerji və innovasiyalar üzrə tematik bölmələr yaradılıb. Ziyarətçilərə Azərbaycanın investisiya mühiti barədə məlumat verilir, həmçinin müxtəlif videoçarxlar və təqdimat materialları nümayiş etdirilir.
“Made in Azerbaijan” bölməsində qida, tekstil, sənaye və digər sahələr üzrə yerli istehsal məhsulları sərgilənir. Bununla yanaşı, mədəniyyət, yaradıcı sənaye və turizm istiqamətlərini əhatə edən təqdimatlar vasitəsilə Azərbaycanın zəngin mədəni irsi və turizm potensialı tanıdılır.
Sərgidə həmçinin İsDB Qrupuna daxil olan qurumların, eləcə də üzv ölkələrin və tərəfdaş təşkilatların stendləri nümayiş olunur. Tədbir investisiya və ticarət imkanlarının təqdimatı, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün mühüm platforma rolunu oynayır.
Qeyd edək ki, iyunun 16-19-da Bakıda İsDB Qrupunun 51-ci İllik Toplantıları keçirilir. “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr olunmuş tədbirdə Qrupa üzv 57 ölkədən dövlət və hökumət rəsmiləri, özəl sektor nümayəndələri və beynəlxalq maliyyə institutlarının təmsilçiləri iştirak edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin ali himayəsi altında keçirilən toplantılar çərçivəsində Bakı Konqres Mərkəzində təşkil olunan sərgi strateji investisiya və ticarət imkanlarının təqdim edilməsinə xidmət edir.




