16 mart 2020-ci il tarixində Azərbaycanda ilk dəfə olaraq yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi çərçivəsində kirayə müqavilələri rəsmiləşdirilib. Belə ki, İpoteka və Kredit Zəmanət Fondunun razılıq qərarını alaraq mənzil seçimi etmiş ilk 6 vətəndaşla kirayə mənzil müqaviləsi imzalanıb və hazırda mənzillərin onlara təhvil verilməsinə başlanılıb. Əlavə olaraq 23 vətəndaş da müqavilənin rəsmiləşdirmə tarixini seçib.
Vətəndaşların nəzərinə çatdırırıq ki, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti 19 mart 2020-ci il tarixinədək məhdudlaşdırıldığından, Fond tərəfindən vətəndaşların sənədlərinin qəbulu da müvəqqəti dayandırılıb. Sənəd qəbulunun davam etdirilməsi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.
Bugünədək elektron sistemdən istifadə edərək kirayə mənzil xidmətinə müraciət edənlərin sayı aşağıdakı kimidir:
EİKZS-də elektron kabinet yaradanlar | 8374 |
Müraciət formalaşdıranlar | 7523 |
Müraciət göndərənlər | 5893 |
Sənəd təqdim edənlər | 298 |
Razılıq qərarı alanlar | 222 |
Razılıq verilməsindən imtina olunanlar | 3 |
Mənzil seçimi edənlər | 72 |
Rəsmiləşdirilmiş müqavilələr | 6 |
Rəsmiləşdirilmə günü təyin olunanlar | 23 |
Qeyd edək ki, kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.
Eyni zamanda, vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.