Azərbaycan Respublikası Prezidentinin İtaliya Respublikasına dövlət səfəri çərçivəsində Romada təşkil olunmuş İtaliya-Azərbaycan biznes forumunda kiçik və orta sahibkarlıq (KOB) sahəsində əməkdaşlıq perspektivləri də müzakirə edilib. Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında KOB sahəsində əlaqələrin genişləndirilməsi üçün potensialı diqqətə çatdırıb, KOB-lar arasında əlaqələrin genişləndirilməsi məqsədilə birgə platformanın yaradılması, texnologiya və innovasiyalar üzrə layihələrin reallaşdırılması, investisiya layihələrinə dair məlumat mübadiləsi, Azərbaycan KOB-larının İtaliyaya tanışlıq səfərlərinin və təlimlərin təşkili, hər iki ölkənin KOB-larının iştirakı ilə Azərbaycanda birgə müəssisələrin yaradılması imkanlarıbı vurğulayıb.
Biznes forum çərçivəsində KOBİA və Kiçik ve Orta Müəssisələrin Beynəlxalq Şəbəkəsi (INSME) arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd Azərbaycan KOB-ları üçün İNSME-də təmsil olunan ölkələrin bazarlarına çıxış üçün imkanlar yaradan tədbirləri özündə ehtiva edir.
KOBİA ilə İtaliyanın Milli Mikrokredit Agentliyi və İtaliya Beynəlmiləlləşdirmə Agentliyi (“Promos İtaliya”) arasında imzalanmış anlaşma memorandumları isə KOB-lar üçün mikrokredit alətlərinin təşviqi mexanizmləri, innovativ kreditləşmə, ixraca dəstək tədbirləri, təlim və məsləhət xidmətlərinin təşkili, KOB-ların peşə bacarıqlarının artırılması, birgə layihələrin həyata keçirilməsi kimi istiqamətlərdə əməkdaşlığı ehtiva edir.