KOBİA “MUSİAD Expo 2020” Sərgisi çərçivəsində bir sıra görüşlər keçirib

İstanbul şəhərində keçirilən və Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi və investisiya imkanlarının da təqdim olunduğu “MUSİAD Expo 2020” Sərgisi çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bir sıra görüşlər keçirib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İstanbul Dövlət Özəl Sektor Tərəfdaşlığı (DÖST) Kamillik Mərkəzinin sədri Eyup Vural arasında təşkil olunmuş görüşdə Azərbaycanda DÖST modelinin tətbiqinin genişləndirilməsinə xüsusi diqqət göstərildiyi, bu məqsədlə KOBİA-da Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin yaradıldığı vurğulanıb. Qeyd olunub ki, Türkiyə DÖST layihələrinin icrası sahəsində uğurlu və zəngin təcrübəyə malikdir və İstanbul PPP Kamillik Mərkəzi ilə əməkdaşlıq hər iki tərəf üçün əhəmiyyətli və faydalıdır. Görüşdə DÖST sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi, hər iki tərəfin resurslarından və xidmətlərindən istifadə olunmaqla təcrübə mübadiləsi platformasının formalaşdırılması, birgə tədbirlərin təşkili, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dağıdılmış ictimai infrastrukturun yenidən qurulması üçün DÖST modelindən istifadə imkanları və digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair müzakirələr aparılıb.

Sonra KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi və İstanbul Dövlət Özəl Sektor Tərəfdaşlığı (DÖST) Kamillik Mərkəzi arasında dövlət-özəl sektor tərəfdaşlığının inkişafı sahəsində əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İstanbul DÖST Kamillik Mərkəzinin sədri Eyup Vural imzalayıblar. Niyyət Protokolunda DÖST sahəsində məlumat və təcrübə mübadiləsinin aparılması, təlim və seminarların keçirilməsi, DÖST modeli vasitəsilə Türkiyədən xarici investisiyaların cəlb edilməsinin təşviqi, müvafiq layihələrin hazırlanmasına dəstəyin göstərilməsi və s. sahələrdə birgə əməkdaşlıq və tədbirlərin təşkili nəzərdə tutulur.

Türkiyə Respublikası Prezidentinin İnvestisiya Ofisinin rəhbəri Burak Dağlıoğlu ilə keçirilmiş görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanda KOB sektoru, Agentliyin fəaliyyəti və KOB-lara göstərdiyi dəstək barədə məlumat verib, KOBİA-nın Türkiyənin müvafiq sahədə fəaliyyət göstərən qurumları ilə əməkdaşlıq etdiyini vurğulayıb. Bildirilib ki, xarici investisiyaların cəlb edilməsi də Agentliyin fəaliyyət istiqamətləri sırasındadır və KOBİA ölkəmizdə xarici investisiyalar əsasında müxtəlif müəssisələrin yaradılması üçün yerli sahibkarlara dəstək və xidmətlər göstərir. KOBİA investisiyaların təşviqi sahəsində Türkiyə təcrübəsinin araşdırılması, bu sahədə Agentlik əməkdaşları üçün müvafiq təlimlərin təşkili, kənd təsərrüfatı, infrastruktur, sənaye, İKT, daşınmaz əmlak və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı sahəvi biznes missiyaların təşkili və müvafiq tərəfdaşların müəyyənləşdirilməsi istiqamətlərində Türkiyə Respublikası Prezidentinin İnvestisiya Ofisi ilə əməkdaşlıq edə bilər. Qeyd olunub ki, bu əməkdaşlıq çərçivəsndə KOBİA Azərbaycan tərəfdən uyğun tərəfdaş və daxili bazar araşdırmasının aparılmasını, müvafiq məsləhət xidmətlərinin göstərilməsini və s. təmin edə bilər. “MUSİAD Expo 2020” Sərgisi çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi və investisiya potensialının “Qarabağ Azərbaycandır” stendində təqdim olunduğunu və stendimizin Türkiyə investorları tərəfindən maraqla qarşılandığını qeyd edən Orxan Məmmədov türk şirkətlərinin həmin ərazilərdə potensial investisiya layihələrində iştirakının təşviqi üçün də birgə əməkdaşlığın mümkün olduğunu diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır