“Korona” virusu Çin iqtisadiyyatına kəskin təsir göstərib

“Koronavirus” epidemiyası Çin əhalisinin böyük qorxusuna çevrilməklə yanaşı, Çin iqtisadiyyatında da bir sıra izlər qoyub. 40000 nəfərdən çox insana yoluxan və 1000 nəfərdən çox insanın həyatını itirməsinə səbəb olan bu virus nəticəsində iqtisadi göstəricilər kəskin azalıb.

Çinin yanvar ayına olan inflyasiya göstəricisi ötən ilin dekabrına nisbətdə 0.9% artaraq 5.4%-ə çatıb və bu isə Çində son 8 ilin rekord inflyasiya göstəricisidir. Ərzaq qiymətləri 20 faizdən çox yüksəlib. Donuz əti məhsulları isə rekord səviyyədə artaraq bir ay ərzində iki qatına çıxıb. Bunun digər bir səbəbi isə donuzlar arasında Afrika taunu (ASF) xəstəliyinin müşahidə olunması və bazarda donuz əti məhsullarının azalmasıdır. Meyvə-tərəvəz məhsullarına isə 17%-lik qiymət artımı müşahidə olunub.

Çində “korona” virusu səbəbindən istehsalın azalması ölkə ÜDM-inə də təsirsiz ötüşməyib. “Nissan”, “Disney”, “Apple”, “Samsung”, “Tencent”, “Airbnb” kimi bir sıra dünya brendləri Çindəki fəaliyyətlərini müvəqqəti olaraq dayandırıblar.”Tesla”, “Daimler”, “Ford Motors”, “Foxconn” brendləri isə bu həftə istehsala yenidən başlayacaqları barədə açıqlama veriblər. 2018-ci ildə 6.6%, 2019-cu ildə 6.1%-lik iqtisadi artım göstərən və bununla da son 30 ilin ən aşağı artımını nümayiş etdirən Çin Xalq Respublikasının iqtisadi artımının bu il 5%-ə qədər geriləyə biləcəyi ehtimal edilir. Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu Çinin 2020-ci il üçün artım proqnozunu 6% səviyyəsində dəyərləndirib.

Virusun Çin iqtisadiyyatında ən gözəçarpan tərəfi ev satışlarında özünü göstərib. Daşınmaz əmlak bazarında ötən ilin yanvar ayına nisbətdə yeni evlərin satışında 90%-lik, mövcud evlərin təkrar satışında isə 91%-lik azalma müşahidə olunub. 23 milyondan çox əhalisi olan Şenzen metropolisində isə ev satışları qadağan olunub. “Bloomberg” agentliyi isə, Çinin daşınmaz əmlak satışlarında 2003-cü ilin “SARS” epidemiyası ilə müqayisədə daha çox azalma müşahidə ediləcəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır