Kripto bazarı dibə vurub? – qiymətlər və proqnozlar

Kripto bazarında qış sona çatır? Bitkoinin qiyməti iyunda 20.000 dollardan aşağı düşdükdən sonra yenidən 23.000 və 24.000 dollar arasında stabillik əldə edib. Ethereum kimi digər aparıcı dijital valyutaların qiyməti də eyni zamanda son 2 ayda azalıb. Bu isə inkişaf edən sahənin artıq dibə çatdığına dair ümidlərə səbəb olmuşdu.

BBN.az CNN Business-ə istinadən xəbər verir ki, optimist yanaşma keçici və vaxtından əvvəl ola bilər. Kriptovalyuta ilə birbaşa çalışan şirkətlər mübarizəni davam etdirir.

Bəzi ekspertlər düşünürlər ki, bitkoin yaxın gələcəkdə dar diapazonda ilişib qalacaq. Beləliklə, bəli, investorlar qiymətlərin daha da aşağı düşəcəyindən qorxmamalıdırlar, lakin böyük inkişafın olacağını da gözləmək olmaz. Kripto şirkəti Uphold-da blokçeyn bölməsinin rəhbəri və kripto tədqiqatçısı Martin Hiesboeck isə deyir ki, “bitkoin suya düşür və market möhkəm deyil”.

O, deyib ki, bir çox investorlar makroiqtisadi vəziyyətə baxırlar və düşünürlər ki, “vəziyyət heç də tezliklə düzəlməyəcək, ona görə də hər qiymət artımını dəyərləndirirlər, eyni zamanda şirkətlər və uzaqgörən investorlar bitkoinin dibə vurduğunu düşünürlər, bu isə çox vaxt qiymət artımına gətirib çıxarır”. “Luna Market”in rəhbəri Jack Cameron isə deyir ki, “qısamüddətli dövrdə investorlar ola bilər ki, inflyasiya cəbhəsində nəyin baş verəcəyini müşahidə etmək üçün gözləyirlər. Həmçinin inflyasiya və yüksək faiz dərəcələri fonunda bitkoinin heç də yaxşı fəaliyyət göstərən bir aktiv olmadığı ortaya çıxdı”.

“Keçən ilin sonunda bitkoini öldürən inflyasiya olub və qiymət təzyiqləri əhəmiyyətli yumşalma əlamətləri göstərərsə, bitkoin son ticarət diapazonundan yuxarı qalxa bilər”, -deyə xarici valyuta ticarəti olan OANDA-da Amerika üzrə baş bazar analitiki Edward Moya deyib.

Qeyd edək ki, daha öncə də xəbər verdiyimiz kimi ABŞ-da inflyasiyanın tempi iyulda gözləniləndən daha aşağı olub, bu isə inflyasiyanın yavaşlamasına dair ümidləri artırıb. İnflyasiya özünün iyundakı pik həddindən 0.6% enib və illik 8.5%-ə çatıb. Lakin ekspertlər deyirlər ki, optimist düşünmək üçün qiymətlərin stabilliyini uzun müddət görməliyik və əsas məhsul və xidmətlər üzrə azalma olmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır