Mərkəzi Bankda Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri ilə görüş keçirildi

19 aprel – 07 may 2021-ci il tarixlərində Beynəlxalq Valyuta Fondunun (BVF) Maddələr Sazişi IV üzrə virtual missiyası öz işinə başlamışdır. Bu xüsusda Mərkəzi Bankda BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri xanım Nataliya Tamirisa ilə video-bağlantı formatında görüş keçirildi.

Görüşün məqsədi Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyi üzrə vəziyyət, 2021-ci il və ortamüddətli dövrə proqnozlar, Covid-19 pandemiyası şəraitində və sonrakı dövrdə pul və maliyyə sabitliyi siyasətlərinin prioritetlərinin müzakirə edilməsindən ibarət olmuşdur.

Görüşdə BVF nümayəndələrinə ölkədəki makroiqtisadi və maliyyə sabitliyi üzrə vəziyyət, Mərkəzi Bank tərəfindən 2020-ci il və 2021-ci ilin I rübündə həyata keçirilmiş pul və maliyyə sabitliyi siyasətləri və onların nəticələri haqqında ətraflı məlumat verildi. Müzakirələr zamanı qeyd olundu ki, pandemiyanın yaratdığı xarici və daxili təhdidlər şəraitində ölkədə qiymətlər sabitliyi, maliyyə sabitliyi və valyuta bazarının tarazlığı təmin olunmuşdur. Pandemiya dövründə həyata keçirilən pul və prudensial siyasətlər makroiqtisadi və maliyyə sabitliyi hədəfləri çərçivəsində iqtisadi aktivliyin dəstəklənməsinə xidmət etmişdir. Belə ki, ötən dövrdə pul siyasəti həm kəmiyyət, həm də dəyər baxımından yumşaldılmış, bir sıra makroprudensial güzəştlər tətbiq edilmişdir.

Görüşdə 2021-ci ilin qalan dövründə pul və maliyyə sabitliyi siyasətləri qarşısında duran vəzifələr və proqnozlar ətrafında fikir mübadiləsi aparıldı.

Görüş zamanı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yeni nəsil islahatlara start verildiyi, növbəti 10 il üçün milli prioritetlərin müəyyən edildiyi qeyd olundu.

Xanım Tamirisa makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işləri, aparılan islahatları müsbət qiymətləndirərək təmsil etdiyi qurumun bundan sonra da ölkəmizə texniki yardımın göstərilməsinə və müvafiq məsləhətləşmələrdə iştirak etməsinə hazır olduğunu bildirdi. Vurğuladı ki, ölkənin yeni iqtisadi inkişaf strategiyasının hazırlanması olduqca mühüm addımdır və ölkə Prezidentinin rəhbərliyi altında müəyyən edilmiş milli prioritetlər əsasında hazırlanacaq strategiya iqtisadiyyatın inkişafına mühüm töhfə verəcəkdir.

Görüşdə missiyanın fəaliyyəti dövründə qeyd olunan məsələlər ətrafında müzakirələrin davam etdirilməsi və fikir mübadiləsinin aparılmasının zəruriliyi vurğulandı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır