Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” barədə növbəti ictimai dinləmələr İmişli və Beyləqan rayonlarında təşkil olunub.
Tədbirlər layihə barədə məlumatlılığı artırmaq, nəzərdə tutulmuş hədəf kateqoriyaları layihəyə cəlb etmək məqsədi daşıyıb.
İş axtaran və işsiz şəxslərin iştirakı ilə keçirilən görüşlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi barədə məlumat verilib. Layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblərdən, proqramın gözlənilən faydalarından, layihəyə müraciət qaydalarından bəhs olunub.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb, eləcə də layihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə müvafiq tövsiyələr verilib.