Bu gün, yəni martın 28-də Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayıb.
BBN.az xəbər verir ki, yeni qərara əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.75%-dən 8.5%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir.
AMB-dən bildirilib ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilmişdir:
“Proqnozlaşdırılan inflyasiyanın hədəfdə qalmasını nəzərə almaqla faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin azaldılması monetar şəraitin yumşalmasına yönəldilmişdir. Aşağı həddin dəyişməz saxlanılması isə faiz dəhlizinin eninin optimallaşdırılmasına xidmət edir. Faiz dəhlizinin bu parametrləri müəyyənləşdirilərkən onların banklararası pul bazarındakı faizlərə təsir miqyası da nəzərə alınmışdır”.
“Bu qərar 29 mart 2024-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il may ayının 1-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir”, – deyə bankın açıqlamasında qeyd edilib.
Qeyd edək ki, AMB son üç qərarı ilə uçot dərəcəsini endirib. Sonuncu dəfə 2024-cü il yanvarın 31-də uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6,25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilmişdir.