Maliyyə Nazirliyi vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr yaradır

Azərbaycan Respublikası Maliyyə Nazirliyində “Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradılır. Həmin sistemə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi” və Dövlət Gömrük Komitəsinin “Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi” inteqrasiya olunaraq müvafiq məlumatlara çıxış imkanı yaradılacaq.  

Yeni sistem vasitəsilə ötürüləcək bəyannamə məlumatları güzəşt tətbiq olunan vergi və gömrük rüsumlarının hər bir növü üzrə mülkiyyət, iqtisadi fəaliyyət, neft və qeyri-neft sektoru parametrləri baxımından dövlət büdcəsinə güzəştlərin tətbiqi nəticəsində mədaxil olunmayan vəsaitlərin hesablanmasına, nəticə etibarı ilə faktiki büdcə itkilərinin müəyyən edilməsinə imkan yaradacaq.

Sözügedən sistem eyni zamanda, ortamüddətli dövr üçün həmin güzəştlərin tətbiqinin dövlət büdcəsinin gəlirlərinə təsirlərinin proqnozlaşdırılmasını da təmin edəcək.

İnteqrə edilmiş “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”nin yaradılması Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”na uyğun olaraq hazırlanır.

Həmin qayda “Büdcə sistemi haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən həyata keçiriləcək.

Cari il ərzində proqram təminatının yazılması, sistemin qurulması və müvafiq dövlət qurumlarının inteqrasiyasının həyata keçirilməsi və 2021-ci ildən sistemin aktiv iş prosesinin təmin edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır