Home » Maliyyə Nazirliyində kollegiya iclası keçirilib

Maliyyə Nazirliyində kollegiya iclası keçirilib

by Zeyneb
0 comments 0 views 2 minutes read

Bu gün Maliyyə Nazirliyində növbəti kollegiya iclası keçirilib.

İclasda nazirliyin struktur bölmələri və tabeliyində olan qurumların cari il ərzində fəaliyyəti, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların vəziyyəti, maliyyə xidmətləri və dövlət müəssisələri ilə işin təşkili, eləcə də dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal həllərin tətbiqi istiqamətində görülən işlər və qarşıdakı dövr üçün vəzifələr müzakirə olunub.

Kollegiya iclasında çıxış edən maliyyə naziri Sahil Babayev bildirib ki, başa çatmaqda olan 2025-ci il Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixində yüksək nailiyyətlər, hərtərəfli inkişaf və ardıcıl tərəqqi ili kimi yadda qalacaq. Onun sözlərinə görə, ilin 11 ayında sosial-iqtisadi sahədə dayanıqlı artım və makroiqtisadi sabitlik təmin olunub, ölkənin maliyyə mövqeləri daha da möhkəmlənib, Dövlət Neft Fondunun və Mərkəzi Bankın valyuta ehtiyatları artıb.

Nazir qeyd edib ki, Milli Məclisdə aparılan müzakirələrdən sonra ötən həftə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və icmal büdcəyə daxil olan əsas maliyyə sənədləri qəbul edilib. O vurğulayıb ki, 2026-cı ilin dövlət və icmal büdcələri ölkənin sosial-iqtisadi prioritetləri nəzərə alınmaqla tərtib olunub və müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın davam etdirilməsi, iqtisadi inkişafın stimullaşdırılması və əhalinin sosial müdafiəsinin artırılması üçün maliyyə təminatı tam formalaşdırılıb.

Kollegiyanın sədri 2025-ci ilin dövlət büdcəsinin 11 aylıq icrasını müsbət qiymətləndirib. Bildirilib ki, yanvar–noyabr aylarında icmal büdcənin gəlirləri proqnozu 2 milyard 526 milyon manat və ya 6,1 %, dövlət büdcəsinin gəlirləri isə 324,6 milyon manat və ya 0,9 % üstələyib. Eyni dövrdə icmal büdcənin xərcləri 36 milyard 784,3 milyon manat, dövlət büdcəsinin xərcləri isə 31 milyard 414,7 milyon manat təşkil edib.

Qeyd olunub ki, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə 2025-ci ilin aprel ayından vahid xəzinə hesabının qalığının aktiv idarə edilməsinə başlanılıb. Nəticədə aprel–dekabr aylarında kommersiya banklarında yerləşdirilən depozitlər və Mərkəzi Bankdakı ABŞ dolları ilə müxbir hesab üzrə ümumilikdə 119,4 milyon manat əlavə gəlir dövlət büdcəsinə yönəldilib.

İclasda dövlət maliyyəsinin idarə olunmasında rəqəmsallaşma tədbirlərinin davam etdirildiyi, büdcə daxilolmalarının uçotu və idarə edilməsinin elektronlaşdırılması, “İcmal” və “e-mühasibat” informasiya sistemlərinin tətbiqinin genişləndirildiyi vurğulanıb.

Bundan əlavə, dövlət müəssisələrinin büdcə və maliyyə göstəricilərinin monitorinqi üçün yeni qaydaların hazırlanması, vahid hesabat mexanizminin tətbiqi və “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Kollegiya iclasında, həmçinin tapşırıqların icra vəziyyəti ilə bağlı təqdimat dinlənilib və “İctimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara tətbiq edilən amortizasiya normaları barədə Təlimat” təsdiqlənib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.