Home » Mastercard-ın regional rəhbəri Onur Faydacı: “Birlikdə daha ağıllı və təhlükəsiz maliyyə ekosistemi qururuq”

Mastercard-ın regional rəhbəri Onur Faydacı: “Birlikdə daha ağıllı və təhlükəsiz maliyyə ekosistemi qururuq”

by yunus
0 comments 8 views 7 minutes read

IX Beynəlxalq Bankçılıq Forumunun (IBF 2025) tarixləri artıq müəyyənləşib. Forum 19–20 noyabr 2025-ci il tarixlərində Bakıda “Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” mövzusu altında keçiriləcək. Tədbir çərçivəsində “Bank sektorunda yeni tendensiyalar və növbəti nəsil loyallıq proqramları”, “Rəqəmsal Üfüqlər: İnnovasiyalar vasitəsilə Bankçılığın Yenidən Təsəvvürü”, “Daha Ağıllı Bankçılıq: Süni İntellekt, Məlumat və Avtomatlaşdırmanın Yeni Dalğası”, “Kibertəhlükəsizlik və Fırıldaqçılığın Qarşısının Alınması – Rəqəmsal Maliyyənin Qorunması” kimi aktual mövzular müzakirə olunacaq.

Bu il forumda 30-a yaxın ölkədən 150 xarici nümayəndə, ümumilikdə 1600 iştirakçı və 300-dən çox şirkət iştirak edəcək. Bu göstəricilər IBF 2025-in regionun ən mühüm maliyyə və bankçılıq platformalarından birinə çevrildiyini sübut edir.

Forumun əsas sponsoru olan Mastercard, Azərbaycanın bank sektorunda rəqəmsal transformasiya, süni intellekt və maliyyə inklüzivliyinin təşviqində fəal rol oynayır. BBN.az olaraq biz Mastercard Türkiyə və Azərbaycanın Baş direktoru Onur Faydacı ilə söhbət etdik. O, Bankçılıq Forumunun əhəmiyyətindən, innovativ ödəniş texnologiyalarından və Mastercard-ın ölkədəki prioritetlərindən danışdı.

Mastercard Türkiyə və Azərbaycanın Baş direktoru Onur Faydacı IX Beynəlxalq Bankçılıq Forumu (IBF 2025) ərəfəsində bank sektorunda innovasiyalar, rəqəmsal transformasiya və süni intellektin tətbiqi barədə BBN.az saytına müsahibə verib.

– Mastercard noyabr ayında keçiriləcək Bankçılıq Forumunun əsas sponsoru olcaq. Sizcə bu forumun bank və maliyyə sektoru üçün, xüsusən də əlaqələrin qurulması və informasiya mübadiləsi baxımından əhəmiyyəti nədədir?

Bankçılıq Forumu Azərbaycanın maliyyə ekosistemi üçün mühüm hadisədir. Bu cür platformalar bankları, fintech şirkətlərini, tənzimləyici qurumları və beynəlxalq tərəfdaşları bir araya gətirərək bilik və təcrübə mübadiləsinə şərait yaradır. Forumlar gələcəyə dair ortaq baxış formalaşdırmaq və sektorun inkişafını sürətləndirmək baxımından böyük əhəmiyyət daşıyır.

Mastercard üçün bu forumun dəyəri yalnız tərəfdaşlıq münasibətlərinin genişləndirilməsində deyil, həm də innovasiya, təhlükəsizlik və inklüzivlik mövzularında müzakirələrin formalaşmasına dəstək verməkdədir. Biz inanırıq ki, Bankçılıq Forumu yeni ideyaların ortaya çıxmasına, açıq dialoqun güclənməsinə və nəticədə bütün iqtisadiyyat üçün faydalı sinerjilərin yaranmasına təkan verəcək.

– Mastercard Azərbaycanda bank sektorunun rəqəmsallaşmasını sürətləndirmək üçün hansı layihələrdə iştirak edib və hansı nailiyyətlər əldə olunub?

Mastercard uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və məqsədimiz “hamı üçün, hər yerdə” prinsipi ilə təhlükəsiz, sadə və ağıllı ödənişlər üzərindən nağdsız rəqəmsal iqtisadiyyat formalaşdırmaqdır.

Hazırda biz tokenləşmə və təmassız texnologiyalar əsasında rəqəmsal kart və mobil ödəniş həllərini genişləndiririk. Eyni zamanda, kiber təhlükəsizlik, fırıldaqçılığın qarşısının alınması və süni intellekt əsaslı müdafiə sistemlərinə yatırım edirik ki, ödəniş ekosistemi daha etibarlı və dayanıqlı olsun.

Ən önəmli təşəbbüslərdən biri Yapı Kredi Bank Azərbaycan ilə həyata keçirilən və regionda ilk olan Mastercard Wholesale Program layihəsidir. Bu proqram korporativ müştərilərə və KOB-lara ödənişləri asanlaşdırmaqla yanaşı, maliyyə şəffaflığını da gücləndirir.

Bundan başqa, təhsil işçiləri üçün xüsusi olaraq hazırlanmış TəhsilPlus kartı onların həm rəqəmsal ödənişlərə, həm də əlavə maliyyə üstünlüklərinə çıxışını təmin edir.

Həmçinin, Mastercard-ın AdvisorsData Insights komandaları dövlət qurumları ilə əməkdaşlıq edərək turizm və KOB xərcləri barədə analitik məlumatlar təqdim edir, bu isə siyasət formalaşdırılmasında və dayanıqlı iqtisadi artımda əhəmiyyətli rol oynayır.

Bütün bu təşəbbüslər Mastercard-ın innovasiyanı, məlumatı və tərəfdaşlığı birləşdirərək Azərbaycanın iqtisadiyyatında real dəyər yaratdığını göstərir.

– İnnovativ ödəniş vasitələrinin tətbiqi və genişləndirilməsi istiqamətində hansı işlər görülür?

İnnovasiya Mastercard-ın Azərbaycandakı strategiyasının mərkəzində dayanır. Bunun bariz nümunəsi Masterpass rəqəmsal cüzdanıdır. Bu platforma istifadəçilərə kartlarını təhlükəsiz şəkildə saxlamaq və onlayn ödənişləri sürətli və rahat formada həyata keçirmək imkanı verir. Masterpass elektron ticarətin inkişafında etimad və rahatlıq mühitinin yaranmasına mühüm töhfə verib.

Eyni zamanda, turizm və beynəlxalq ticarət üçün sərhədlərarası ödənişlərin rolu böyükdür. Səyahət edənlər kartlarını ölkə xaricində də eyni təhlükəsizlik və rahatlıqla istifadə etmək istəyirlər. Mastercard isə bu təcrübəni təmin edən qlobal infrastruktur təqdim edir.

Beləliklə, Masterpass və sərhədlərarası ödəniş imkanlarını birləşdirərək, biz innovativ ödəniş vasitələrinin inkişafına töhfə verir, həm də Azərbaycanın daha əlaqəli və inklüziv rəqəmsal iqtisadiyyat qurmaq məqsədinə dəstək oluruq.

– Mastercard-ın yaxın dövr üçün əsas məqsədləri və prioritet istiqamətləri hansılardır?

Əsas hədəflərimiz aydındır.
Birincisi, rəqəmsal ödənişlərə keçidi sürətləndirmək və hər bir vətəndaşın sadə, təhlükəsiz və rahat ödəniş həllərinə çıxışını təmin etməkdir.
İkincisi, KOB-ların və maliyyə inklüzivliyinin inkişafına dəstək vermək istəyirik – çünki müasir ödəniş alətləri kiçik bizneslərin dayanıqlığı və iqtisadi artım üçün vacibdir.
Üçüncüsü, süni intellektin maliyyə sektorunda tətbiqi ilə həm fırıldaqçılıq risklərini azaltmaq, həm də müştəri təcrübəsini yaxşılaşdırmaq məqsədindəyik.

Eyni zamanda, rəqəmsal iqtisadiyyatda etimadın önəmini nəzərə alaraq, kibertəhlükəsizlik sahəsinə xüsusi diqqət yetiririk.

Mərkəzi Bankla birgə apardığımız araşdırmalar göstərir ki, yaxın illərdə Azərbaycanda nağdsız ödənişlərin payını iki dəfə, KOB-ların rəqəmsal əməliyyatlarda iştirak səviyyəsini isə üç dəfə artırmaq mümkündür.

Mastercard Data & Insights tərəfindən hazırlanan “Azərbaycana gələn turistlərin alış tendensiyaları” hesabatına görə, son bir ildə turist xərcləri 20% artıb, Naxçıvanda xərclər isə dörd dəfə yüksəlib. Formula 1 kimi böyük tədbirlər zamanı qonaqpərvərlik və nəqliyyat xərcləri 40%-ə qədər artım göstərib. Bu da sübut edir ki, turizm və idman tədbirləri iqtisadi artım üçün mühüm hərəkətverici qüvvədir.

Mastercard bu cür məlumat əsaslı yanaşmalar və innovativ həllər vasitəsilə Azərbaycanın daha şəffaf və dayanıqlı rəqəmsal iqtisadiyyat hədəfinə dəstək verir.

– Mobil ödənişlər, təmassız kartlar və digər yeni texnologiyalar istiqamətində planlarınız nələrdir?

Süni intellekt innovasiyanın yeni mərhələsidir və Mastercard artıq bu istiqamətdə Azərbaycanda aktiv fəaliyyət göstərir.
Agentic Pay platforması vasitəsilə biz e-ticarətdə süni intellekt əsaslı fərdiləşdirmə təqdim edirik – istifadəçilərə fərdi tövsiyələr və təhlükəsiz alış təcrübəsi yaradırıq.
Eyni zamanda, süni intellektlə işləyən fırıldaqçılığın qarşısının alınması sistemlərimiz milyonlarla əməliyyatı real vaxtda təhlil edir və davranış biometrikası kimi qabaqcıl texnologiyalar vasitəsilə istifadəçiləri qoruyur.
Banklar və ödəniş təminatçıları ilə əməkdaşlıq sayəsində bu innovasiyalardan KOB-lar da faydalanır – sahibkarlara şəffaflıq, səmərəlilik və böyümə imkanları yaradan alətlər təqdim olunur.

– Mastercard-ın beynəlxalq təcrübəsini Azərbaycanda tətbiq edərkən hansı üstünlüklər və çətinliklər müşahidə olunur?

Qlobal şirkət kimi biz müxtəlif bazarlardan öyrənir və bu təcrübəni yerli şəraitə uyğunlaşdırırıq. Lakin əsas məsələ texnologiyanın özü deyil, onun yerli ehtiyaclara necə inteqrasiya edilməsidir.

Azərbaycanda maliyyə inklüzivliyinin artırılması, nağd asılılığın azaldılması və KOB-ların rəqəmsallaşmasının dəstəklənməsi kimi məsələlər fərdiləşdirilmiş və miqyaslana bilən həllər tələb edir.

Süni intellekt artıq real vaxt rejimində əməliyyatların analizindən tutmuş, Agentic Pay vasitəsilə fərdi alış təcrübəsinə qədər. Mastercard-ın bir çox məhsullarında tətbiq olunur

Biz Masterpass ilə rəqəmsal ödənişlərin təməlini gücləndirir, Data & Insights vasitəsilə isə dövlət qurumlarının qərar qəbulunu dəstəkləyirik.

Mastercard Advisors isə hökumət və biznes strategiyalarına məlumat əsaslı istiqamət verir. Mərkəzi Bankla əməkdaşlıq çərçivəsində məqsədimiz KOB-ların nağdsız əməliyyatlarda iştirak səviyyəsini yaxın illərdə 20%-ə qədər artırmaqdır.

Biz həmçinin il ərzində turizm xərcləri, idman tədbirlərinin iqtisadi təsiri və KOB indeksi kimi mövzular üzrə bir sıra analitik hesabatlar təqdim edirik. Beləliklə, qlobal təcrübə və yerli tərəfdaşlıq sintezində Azərbaycanda daha innovativ və inklüziv rəqəmsal iqtisadiyyatın formalaşmasına töhfə veririk.

– Banklar və digər maliyyə sektor iştirakçıları ilə əməkdaşlığınız necə qurulub və bu əməkdaşlıq necə dərinləşdirilə bilər?

Yerli banklarla münasibətlərimiz uzunmüddətli tərəfdaşlığa əsaslanır. Biz təkcə texnologiya təqdim etmirik, həm də Azərbaycan bazarının real ehtiyaclarına uyğun məhsullar və xidmətlər birgə yaradırıq.

ABB və Kapital Bank ilə həyata keçirilən rəqəmsal kart layihələri buna parlaq nümunədir.
Gələcəkdə bu əməkdaşlığı KOB-ların rəqəmsallaşması, tokenləşmə, premium təkliflər və sərhədlərarası ödənişlər kimi sahələrdə genişləndirməyi planlaşdırırıq.

Bu əməkdaşlıq həm bankların böyüməsinə, həm istehlakçıların daha yaxşı xidmət almasına, həm də ümumi iqtisadi inkişafın güclənməsinə xidmət edir.

– Forum çərçivəsində hansı əsas mesajların ön planda olmasını gözləyirsiniz?

Əsas mesajımız sadədir: proqres əməkdaşlıqdan doğur – xüsusən də süni intellekt sahəsində.
Forum həm də hökumət və Mərkəzi Bankla rəqəmsal ödənişlərin inkişafı və KOB-ların inklüzivliyinin artırılması üzrə davam edən dialoqun dərinləşdirilməsi üçün mühüm platformadır.

Banklar, fintech-lər, tənzimləyicilər və texnologiya şirkətləri birgə çalışdıqda, süni intellekt məsuliyyətli şəkildə tətbiq edilərək təhlükəsizliyi gücləndirə, riskləri azalda və fərdiləşdirilmiş maliyyə təcrübəsi yarada bilər.
Qlobal təcrübə göstərir ki, AI bank mənfəətliliyini 20%-ə qədər artıra bilər. Azərbaycanda isə o, inklüzivliyin, KOB-ların inkişafının və rəqəmsal ödənişlərdə etimadın güclənməsinin mühüm dayağı ola bilər.

Bizim üçün süni intellekt sadəcə texnologiya deyil, daha səmərəli, şəffaf və inklüziv maliyyə ekosisteminin açarıdır.

– Sonda forum iştirakçılarına çatdırmaq istədiyiniz əsas mesaj nədir?

Bizim mesajımız budur: Mastercard Azərbaycanda yalnız bir ödəniş şirkəti deyil, həm də etibarlı texnoloji tərəfdaşdır.
Biz birlikdə innovativ, inklüziv və dayanıqlı maliyyə ekosistemi qura bilərik.
Qlobal təcrübəmizi yerli ehtiyaclara uyğunlaşdıraraq banklara, bizneslərə, istehlakçılara və dövlətə real dəyər yaratmağa çalışırıq.
Forum isə bu əməkdaşlığı daha da gücləndirmək, yeni ideyalar paylaşmaq və Azərbaycanın rəqəmsal gələcəyinə doğru növbəti addımları müəyyənləşdirmək üçün əla imkandır.

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.