
Azərbaycanda iri infrastruktur layihələrinin maliyyələşdirilməsini təmin etmək üçün maliyyə sektorunda institusional dəyişikliklərin həyata keçirilməsinə ehtiyac var.
Bu barədə ABŞ-nin “Oliver Wyman” konsaltinq şirkətinin hesabatında bildirilib.
Şirkətin analitiklərinin fikrincə, dəyəri 50-70 milyard ABŞ dolları həcmində qiymətləndirilən infrastruktur proqramının uğurla reallaşdırılması üçün ingilis ümumi hüququ prinsipləri əsasında fəaliyyət göstərəcək Bakı Beynəlxalq Maliyyə Mərkəzi (Baku IFC) yaradılmalıdır.
Hesabatda qeyd olunur ki, Azərbaycan investisiya səviyyəli suveren kredit reytinqinə (“BBB-“), Mərkəzi Bank və ARDNF-in 85 milyard ABŞ dollarını aşan ehtiyatlarına, eləcə də ÜDM-in 20-21 %-i həcmində aşağı dövlət borcuna malik olsa da, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq və kapital cəlbi sahəsində institusional çatışmazlıqlarla üzləşir.
Analitiklər bildirirlər ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası, Zəngəzur dəhlizi, “yaşıl enerji” layihələri və logistika mərkəzləri kimi strateji təşəbbüslərin yalnız dövlət büdcəsi və yerli bankların resursları hesabına maliyyələşdirilməsi mümkün deyil. Bu baxımdan Azərbaycan beynəlxalq maliyyə resurslarının cəlb edilməsində Qazaxıstan və Özbəkistandan geri qalır.
Hesabata görə, beynəlxalq maliyyə institutlarının Azərbaycana illik maliyyələşməsi 0,5-0,8 milyard ABŞ dolları təşkil etdiyi halda, bu göstərici Qazaxıstanda 2 milyard, Özbəkistanda isə 2,5-3 milyard ABŞ dollarıdır. Eyni zamanda, Böyük Britaniyanın İxrac Kredit Agentliyinin (UKEF) Azərbaycan üçün ayırdığı 5 milyard funt sterlinqlik limitin cəmi 0,4 %-dən istifadə olunub.
“Oliver Wyman” bu problemlərin aradan qaldırılması üçün Azərbaycana üç əsas istiqamətdə addım atmağı tövsiyə edir:
- qeyri-büdcə maliyyələşdirilməsi üzrə ixtisaslaşmış koordinasiya qurumunun yaradılması;
- ixrac-kredit agentliklərinin zəmanəti ilə beynəlxalq bazarlarda iri pilot maliyyələşdirmə sövdələşmələrinin həyata keçirilməsi;
- ingilis ümumi hüquq sisteminə əsaslanan, müstəqil məhkəmə və arbitraj mexanizmləri, güzəştli vergi rejimi və xüsusi hüquqi statusa malik Bakı Beynəlxalq Maliyyə Mərkəzinin təsis edilməsi.
Şirkət hesab edir ki, belə bir maliyyə mərkəzinin yaradılması Azərbaycana beynəlxalq investorları, maliyyə institutlarını və peşəkar maliyyə mütəxəssislərini cəlb etməyə imkan verəcək, ölkənin regional maliyyə mərkəzi kimi rəqabət qabiliyyətini artıracaq.





