Ötən il kriptovalyuta sektorunda rekord sayda “fraud” halları baş verib

Dünya ölkələrinin rəqəmsallaşmaya doğru illərdir sürətlə irəliləməsinə baxmayaraq, kriptovalyutalar hələ də bir çox istehlakçılara qaranlıq qalmaqdadır. Kriptovalyutalar Qərbi Avropa ölkələri, Cənubi Koreya, Yaponiya kimi bir sıra Asiya ölkələrində böyük rəğbətlə qarşılansa da, bəzi ölkələr kriptovalyutadan istifadəni məhdudlaşdırmağa davam edir. Kriptovalyutalara qarşı marağın azalmasında əsas səbəb mərkəzləşdirilmiş sistem olmaması və təhlükəsizlik nöqteyi-nəzərdən bir çox suallara cavab tapılmamasıdır.

“Chainalysis” şirkəti tərəfindən aparılan araşdırmalara əsasən, 2021-ci ildə kritpvalyuta sahəsində həyata keçirilən dələduzluq əməliyyatlarının ümumi həcmi 2020-ci ilə nisbətdə 79% artaraq 14 milyard dollarlıq rekord göstəriciyə çatıb.

Digər tərəfdən isə, ümumi kriptovalyuta bazarının 15.8 trilyon dollar həcmində olduğunu və bunun  2020-ci il ilə nisbətdə 550% yüksəldiyini nəzərə alsaq, “fraud” artım əmsalının kritik səviyyədə olmadığını müşahidə etmək olar.

2021-ci ildə dələduzluq halları fərdi investorlara 7.8 milyard dollar zərər vurub. İl ərzində, blokçeyn platformalarında alış-satışı həyata keçirilən 3.2 milyard dollarlıq kriptovalyuta “oğurlanıb”.

Konqress kitabxanası tərəfindən tərtib edilən “Regulation of Cryptocurrency Around the World 2021” araşdırmasına istinadən, hazırda 50-dən çox ölkə kriptovalyutalara məhdudlaşdırma tətbiq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır