Prezident İlham Əliyev NRYT nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edib.

Görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:

-Keçən il Azərbaycanda bütün sahələr kimi, nəqliyyat sahəsi də inkişaf etmişdir. Bu inkişaf həm real layihələrdə özünü göstərir, eyni zamanda, beynəlxalq təşkilatların hesabatlarında əksini tapır. Təkcə onu demək kifayətdir ki, keçən il avtomobil yollarının tikintisi istiqamətində rekord nəticə əldə edilmiş, 1300 kilometr avtomobil yolu çəkilmişdir. Beləliklə, həm şəhərlərarası nəqliyyatın işi yaxşılaşdırılmış, eyni zamanda, magistral yolların çəkilişi davam etdirilmiş, yüzlərlə kəndin yolu abadlaşdırılmış və yenidən qurulmuşdur.

Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda nəqliyyat sahəsində görülmüş işlərə yüksək qiymət verib. Bütövlükdə Azərbaycanın nəqliyyat infrastrukturu Davosun hesabatında dünya miqyasında 31-ci yerdədir. Bu, kifayət qədər böyük göstəricidir. Bu göstəriciyə görə biz bir neçə inkişaf etmiş ölkəni də qabaqlamışıq. Avtomobil yollarının keyfiyyətinə görə biz dünyada 27-ci yerdəyik. Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik.

Daha ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır