
Milli Məclisin plenar iclasında 2026-cı ilin dövlət büdcəsi və Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirə olunub. Maliyyə naziri Sahil Babayev bildirib ki, son 5 ildə Azərbaycanın qeyri-neft-qaz sektorunda ÜDM-nin nominal dəyəri 63%, real artımı isə 34% təşkil edib.
Nazirin sözlərinə görə, qeyri-neft-qaz iqtisadiyyatının inkişafı üçün əlverişli vergi rejimi tətbiq edilir və bu, kiçik və orta sahibkarlığın aktiv inkişafına şərait yaradır.
Babayev əlavə edib ki, gələn il qeyri-neft-qaz sektorunda vergi yükü ÜDM-in cəmi 13,1%-ni təşkil edəcək ki, bu da builki göstəricidən demək olar ki, fərqlənmir və çox aşağı səviyyədədir. Ümumilikdə isə iqtisadiyyatdakı vergi yükü 15,9% səviyyəsindədir ki, bu da digər ölkələrlə müqayisədə xeyli aşağıdır.
Nazir vurğulayıb ki, Azərbaycan sahibkarlıq və özəl sektorun inkişafı üçün çox güzəştli və əlverişli iqtisadi mühit yaradır.







