“Qiymətli kağızların buraxılışı, Bakı Fond Birjasında listinq”mövzusunda sertifikatlı təlim keçirilmişdir

26 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondu (AzPromo), Bakı Fond Birjası və ABB-İnvest investisiya şirkəti tərəfindən xarici bazarlara daxil olmağa çalışan yerli şirkətlər üçün “Qiymətli kağızların buraxılışı və Fond Birjasında listinq” mövzularında onlayn sertifikatlı təlim keçirildi. Təlimdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası və ABB-İnvest investisiya şirkətinin əməkdaşları tərəfindən kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilmişdir. Tədbirin əsas məqsədi yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşməkdir.

Qeyd edək ki, Bakı Fond Birjası əməkdaşlıq etdiyi investisiya şirkətləri və AzPromo ilə birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və fond birjasında listinqin təşviq edilməsi məqsədi ilə mütəmadi olaraq ödənişsiz təlimlər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır