
Bakıda Serbiya Prezidenti Aleksandar Vuçiç ilə Azərbaycanın biznes nümayəndələri arasında keçirilən görüş iki ölkə arasındakı strateji tərəfdaşlığın iqtisadi müstəvidə dərinləşdiyini nümayiş etdirib.
Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, AZPROMO-nun təşkilatçılığı, hər iki ölkənin Maliyyə nazirlikləri və Serbiyanın İnkişaf Agentliyinin dəstəyi ilə baş tutan tədbirdə ticarət, investisiya və infrastruktur sahələrində yeni tərəfdaşlıq imkanları müzakirə olunub.
Serbiya Prezidenti Aleksandar Vuçiç iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Bakı-Belqrad birbaşa aviareysinin əlaqələrin və turizmin inkişafına mühüm töhfə verdiyini qeyd edən Prezident SOCAR və “Serbiagas” arasındakı layihələrin önəmini xatırladıb. Aleksandar Vuçiç Azərbaycan iş adamlarını Serbiyada pərakəndə ticarət, kənd təsərrüfatı, eləcə də spa və dağ kurortları sahələrində aktiv investisiya imkanlarını araşdırmağa dəvət edib.
Azərbaycanın maliyyə naziri Sahil Babayev çıxışında 2024-cü ilin yanvarından Serbiyaya təbii qaz ixracının başladığını və Niş şəhərində birgə qaz-elektrik stansiyasının inşası ilə enerji əməkdaşlığının real nəticələr verdiyini bildirib. Nazir, həmçinin “AzVirt” şirkətinin Serbiyadakı iri infrastruktur layihələrini uğurlu nümunə kimi göstərərək, əməkdaşlığın yaşıl enerji, nəqliyyat, tikinti və turizm sahələrinə də yayıldığını, Azərbaycan şirkətlərinin Serbiyaya biznes missiyasının hazırlandığını diqqətə çatdırıb.




