
SOCAR Özbəkistanda nümayəndəlik açacaq.
Məlumata görə, Şavkat Mirziyoyev “Özbəkistanın Enerji Həftəsi – 2026” forumunda iştirak etmək üçün ölkəyə səfər edən SOCAR prezidenti Rövşən Nəcəf, həmçinin BP şirkətinin top-menecerləri Ariel Flores və Covanni Kristofoli ilə görüş keçirib.
Görüş zamanı tərəflər energetika sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Bildirilib ki, SOCAR Üstyurd yaylasında karbohidrogen yataqlarının işlənməsi layihəsində Özbəkistanın tərəfdaşlarından biridir.
Məhz bu çərçivədə SOCAR-ın Özbəkistanda nümayəndəliyinin açılması barədə qərar qəbul olunub. Eyni zamanda, BP şirkətinin layihəyə qoşulması da yüksək qiymətləndirilib.
Tərəflər görüş zamanı neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsi, karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı və dərin emalı, neft və neft məhsullarının uzunmüddətli tədarükü, eləcə də sahə üzrə peşəkar kadr hazırlığı istiqamətlərində birgə layihələrin əhəmiyyətini vurğulayıblar.
Bununla yanaşı, həm də Azərbaycan Futbol Federasiyaları Assosiasiyası-nın prezidenti olan Rövşən Nəcəf 2027-ci ildə Özbəkistan və Azərbaycanda keçiriləcək U-20 futbol üzrə dünya çempionatı ilə bağlı birgə hazırlıq işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə təşəkkür edib.




