
Azərbaycanın qeyri-neft-qaz sektorunda müşahidə olunan artım dinamikası iqtisadi inkişafın daha dayanıqlı model üzərində qurulmasının vacibliyini ortaya qoyur.
Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili parlamentin növbədənkənar sessiyasının iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Deputat bildirib ki, 2025-ci ildə ölkədə ümumi daxili məhsulun artımı 1,4 %, qeyri-neft-qaz sektorunda isə 2,7 % təşkil edib. Onun sözlərinə görə, 2024-cü ildə bu göstəricilər müvafiq olaraq 4,1 % və 6,2 % olub.
T.Mirkişili qeyd edib ki, iqtisadi siyasətdə yüksək artım tempi hər zaman inkişafın əsas göstəricisi hesab edilmir. Əsas amilin artımın sürəti deyil, onun mənbəyi və keyfiyyəti olduğunu vurğulayan deputat bildirib ki, məhsuldarlığın yüksəlməsi, texnologiyaların tətbiqi, ixracın şaxələndirilməsi və gəlirlərin artması ilə müşayiət olunan iqtisadi artım dayanıqlı inkişafın göstəricisidir.
Deputatın sözlərinə görə, bəzi hallarda yüksək artım kredit ekspansiyası və ya qeyri-dayanıqlı mənbələr hesabına formalaşa bilər ki, bu da uzunmüddətli perspektivdə risklər yaradır. O, xüsusilə qeyri-neft-qaz sektorunda ÜDM artımının qeyri-sabit xarakter daşımasının daha dərin təhlilə və struktur problemlərin aradan qaldırılmasına ehtiyac yaratdığını bildirib.
T.Mirkişili diqqətə çatdırıb ki, iqtisadi artımın əsas hissəsi nəqliyyat və ticarət sektorlarının payına düşüb. Bu isə iqtisadiyyatın daha geniş və diversifikasiya olunmuş baza üzərində inkişaf etdirilməsinin vacibliyini göstərir. Deputat yüksək əlavə dəyər yaradan sahələrdə sabit inkişafın təmin edilməsinin əhəmiyyətini vurğulayıb.
O, həmçinin nəticəyönümlü büdcə idarəçiliyinin gücləndirilməsinin vacibliyinə toxunaraq bildirib ki, xərclərin icrası ilə yanaşı, onların yaratdığı nəticələrin ölçülməsi mexanizmləri də təkmilləşdirilməlidir. Deputatın fikrincə, büdcə idarəçiliyində növbəti mərhələ xərclərin icrasından nəticələrin qiymətləndirilməsinə keçid olmalıdır.
Çıxışında yerli büdcələrin maliyyə müstəqilliyinin artırılması məsələsinə də toxunan deputat qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən xüsusi nümayəndəlik institutunun daha dayanıqlı maliyyə bazasının formalaşdırılması üçün qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var.
T.Mirkişili inflyasiya ilə bağlı məsələyə də diqqət çəkərək bildirib ki, qiymət artımlarının formalaşmasında həm xarici, həm də daxili amillər rol oynayır. Bu səbəbdən hökumətlə Azərbaycan Mərkəzi Bankı arasında koordinasiyanın daha da gücləndirilməsi vacibdir.




