Azərbaycan Respublikası Mərkəzi Bankı sosial məsuliyyəti və sağlam ekoloji mühitin yaradılmasını təşviq edən təşəbbüslər həyata keçirməyə davam edir. Belə ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə noyabr ayının 18-də Mərkəzi Bank tərəfindən növbəti ağacəkmə tədbiri təşkil olunmuşdur.
Bu tədbir çərçivəsində Mərkəzi Bankın əməkdaşları tərəfindən Müşfiqabad qəsəbəsində yerləşən ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 Eldar şamı və zeytun ağacı əkilmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd ölkəmizdə ekoloji tarazlığın və ətraf mühitin qorunmasına hər zaman xüsusi əhəmiyyət verən ulu öndərin əziz xatirəsini yad etmək, dahi liderin yaşıllaşdırma ənənələrini davam etdirmək olmuşdur.
Qeyd edək ki, Milli Depozit Mərkəzi də Mərkəzi Bankın keçirdiyi bu yaşıllaşdırma təşəbbüsünə qoşulmuşdur.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində bu ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi nəzərdə tutulmuşdur.