
Vençur kapitalı fondlarının fəaliyyətinə dair tələblər və vergi güzəşti olacaq.
BBN.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Valyuta tənzimi haqqında” qanuna və Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.
“Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, vençur kapitalı fondlarının, akkreditə olunmuş investorların xarici dövlətlərdəki innovativ layihələrdən (o cümlədən startaplardan) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində əldə olunan vəsaitlərin repatriasiyası və yenidən Azərbaycan Respublikasından göndərilməsi zamanı, vəsaitlərin əvvəllər Azərbaycan Respublikasından göndərilməsini (Azərbaycan Respublikasına gətirilməsini) təsdiq edən gömrük bəyannaməsi və ya bank çıxarışı yalnız o halda tələb olunmayacaq ki, ilkin investisiyanın qeyri-maddi aktiv və ya xidmət kimi qoyulduğu,yaxud əldə edilən gəlir xarici dövlətin səlahiyyətli vergi orqanının arayışı ilə təsdiq edilmiş olsun. Rezidentlər tərəfindən Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən innovativ layihələrdə (startaplarda) gələcək iştirak payının əldə edilməsi (gələcək iştirak payı (səhm) haqqında müqavilə, konvertasiya olunan borc və analoji maliyyə alətləri) məqsədilə investisiyaların qoyulması üzrə köçürmələrə vençur kapitalı fondları tərəfindən məbləğ məhdudiyyəti tətbiq edilmədən, akkreditə olunmuş investorlar tərəfindən təqvim ili ərzində 2 (iki) milyon ABŞ dolları ekvivalentindən çox olmamaqla yol verilir.
Qeyd edilən köçürmələr üzrə investor köçürmə tarixindən etibarən 5 il ərzində müqavilədə göstərilən müddətdə iştirak payının (səhminin) əldə edilməsini təsdiq edən xarici reyestr çıxarışını müvəkkil banka təqdim etməyə və ya və investisiya cəlb edən şəxs müflis elan edildikdə və ya ləğv olunduqda xarici dövlətin səlahiyyətli qurumu tərəfindən bu halın təsdiqini göstərən sənədi təqdim etməyə borcludur. Rezident hüquqi şəxslər tərəfindən innovativ məhsulların (qeyri-maddi aktivlərin, proqram təminatının) hazırlanması məqsədilə xaricdəki törəmə müəssisələrinə vəsait köçürüldükdə, məhsulun gömrük ərazisinə gətirilmədən xaricdə realizə edilməsinə (istifadəyə verilməsinə) aşağıdakı şərtlərlə icazə veriləcək:
– yaradılan əqli mülkiyyət hüquqları obyektləri üzərində müstəsna hüquqlar rezident şirkətə məxsus olsun;
– törəmə müəssisə tərəfindən həmin məhsulun xaricdə satışından əldə edilən xalis gəlirlər (mənfəət və ya royalti) təhvil-təslim tarixindən etibarən 365 (üç yüz altmış beş) gündən gec olmayaraq rezidentin Azərbaycan Respublikasındakı müvəkkil bank hesablarına repatriasiya edilsin.
– Rezident hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən xarici dövlətlərdə yerləşən təminatçılara rəqəmsal xidmətlərin, proqram təminatı lisenziyalarının, bulud (server) xidmətlərinin və beynəlxalq kommersiya abunəliklərinin ödənilməsi məqsədilə təqvim ayı ərzində cəmi 200.000 (iki yüz) min ABŞ dolları ekvivalentinədək köçürmələr ikitərəfli müqavilə təqdim edilmədən, müstəsna olaraq xidmətin təyinatını əks etdirən elektron hesab-faktura və ya ödəniş bildirişi əsasında həyata keçirilir.
Rezidentlər tərəfindən xarici ölkə ərazisində istifadə məqsədilə alınan və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməyən daşınar əmlakın (nəqliyyat vasitələri, yaxtalar və s.) əldə edilməsi üzrə köçürmələr alqı-satqı müqaviləsi əsasında icra edilir. Rezident köçürmə tarixindən etibarən 180 (yüz səksən) gün ərzində həmin əmlakın xarici dövlətin səlahiyyətli dövlət orqanında öz adına qeydiyyata alındığını təsdiq edən leqallaşdırılmış (və ya apostil olunmuş) mülkiyyət çıxarışını müvəkkil banka təqdim etməyə borcludur. Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumlarına, habelə ədəfli maliyyə sanksiyaları siyahılarında olmayan və beynəlxalq səviyyədə tanınmış təbiəti mühafizə, səhiyyə və humanitar fondlara (qeyri-hökumət təşkilatlarına) ianələrin köçürülməsi həmin qurumların rəsmi internet informasiya ehtiyatlarındakı rekvizitlər və ya rəsmi müraciəti əsasında həyata keçirilir.
Xarici ölkələrdən malların və ya xidmətlərin alışı və ya icarəsi ilə bağlı müqavilənin müddəti 2 (iki) ildən çox olduqda, təchizatçının xeyrinə öhdəliyin icrasının təminatı məqsədilə beynəlxalq agentliklər tərəfindən investisiya dərəcəli reytinqə malik qeyri-rezident bankda depozit ödənişi yerləşdirildikdə banka ödənişin təyinatını əks etdirən müqavilə təqdim edilir. Malların və ya xidmətlərin ölkəyə idxalına və ya maliyyə icarəsinə xitam verildikdən sonra 3 (üç) ay ərzində depozit məbləği ölkəyə geri qaytarılmalıdır. Depozit məbləğinin müqaviləyə əsasən cərimə sanksiyası kimi təchizatçı tərəfindən tutulması və ya malların və ya xidmətlərin qarşılığı kimi əvəzləşdirilməsi hallar istisna olmaqla (bu hal rəsmi hüquqi tələbnamə, arbitraj və ya məhkəmə sənədi ilə təsdiqlənməlidir), geri qaytarılmayan məbləğin qalıq dəyəri 200.000 (iki yüz min) ABŞ dolları ekvivalentindən çox olduqda, əməliyyata dair sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir.
“İnvestisiya fondları haqqında” qanuna təklif edilən dəyişikliyə görə, vençur kapitalı fondu fəaliyyətinin müstəsna predmeti investorların mənfəət əldə etməsi məqsədilə yalnız peşəkar investorlardan cəlb edilmiş pul vəsaitlərinin investisiya bəyannaməsinə uyğun olaraq investisiya edilməsi olan və aşağıdakı meyarlara cavab verən, habelə bu qanunla nəzərdə tutulmuş təşkilati-hüquqi formalarda yaradılan investisiya fondudur:
– əsas fəaliyyətinin investisiya qoyuluşundan ibarət olması və bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla digər kommersiya fəaliyyəti həyata keçirməməsi;
– fondun investorları üçün ortaq gəlir əldə etmək məqsədilə cəlb edilmiş kapitalı birləşdirməsi;
– maliyyə və əməliyyat fəaliyyəti istiqamətlərinin müəyyən edilməsində, investisiya qərarların qəbulunda bütün təsisçilərin (iştirakçıların) birgə şəkildə davamlı iştirakının olmaması.
Akkreditə olunmuş investor bu fəaliyyətə vençur kapitalı fondu vasitəsilə investisiya edən, investisiya ilə bağlı riskləri dərk etmək üçün maliyyə təcrübəsinə və ya potensial itkiləri qarşılamaq üçün maliyyə imkanlarına malik olan və aşağıdakı meyarlardan azı birinə cavab verən fiziki və ya hüquqi şəxsdir:
– son 2 ilin hər birində illik gəliri 150.000 (yüz əlli min) manatdan çox olan və cari ildə də eyni gəlir səviyyəsini əldə edəcəyini əsaslı şəkildə gözləyən fiziki şəxslər;
– əsas yaşayış yeri olan daşınmaz əmlakının dəyəri istisna olmaqla, xalis maliyyə aktivlərinin dəyəri 500.000 (beş yüz min) manatdan çox olan fiziki şəxslər;
– siyahısı Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş sertifikatlara malik olan şəxslər;
– xalis aktivlərinin dəyəri 5.000.000 (beş milyon) manatdan çox olan və ya bütün iştirakçıları yixarfıda müəyyən edilmiş meyarlardan birinə cavab verən hüquqi şəxslər;
– bütün iştirakçıları akkreditə olunmuş investorlardan ibarət olan hüquqi şəxslər;
– vençur kapitalı fondunun idarəçisi (hüquqi şəxs olduqda isə onun rəhbər şəxsləri) və investisiya qərarlarının qəbulunda bilavasitə iştirak edən şəxslər.
Azad hesabatlı vençur kapitalı fondu müəyyən edilmiş meyarlara cavab verən, fəaliyyəti üçün lisenziya tələb olunmayan və Mərkəzi Bank tərəfindən aparılan reyestrdə qeydə alınan vençur kapitalı fondudur. Lisenziyalaşdırılan vençur kapitalı fondu Bank lisenziyası əsasında fəaliyyət göstərən vençur kapitalı fondudur.
Vençur kapitalı fondunun adında “vençur kapitalı fondu” sözləri olmalıdır. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi şəxsin nizamnaməsində (adında) dəyişiklik edilməsi zamanı bu sözlərdən istifadə edilməsi üçün Mərkəzi Bankın ilkin razılığı alınmalıdır. İlkin razılığın alınması qaydası Mərkəzi Bankın qəbul etdiyi normativ xarakterli aktlarla müəyyən edilir.
Azad hesabatlı vençur kapitalı fondu və ya lisenziyalaşdırılan vençur kapitalı fondu rejimində fəaliyyət göstərirlər. Vençur kapitalı fondu məhdud məsuliyyətli cəmiyyət, qapalı səhmdar cəmiyyəti, kommandit ortaqlığı və ya qapalı paylı investisiya fondu formasında yaradıla bilər. Vençur kapitalı fondu sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul ola bilməz.Vençur kapitalı fondu investorlardan cəlb olunmuş pul vəsaitlərinin yalnız rəqəmsal texnologiyaların və innovasiya məhsulunun (iqtisadi və ya sosial səmərə əldə etmək məqsədilə yeni yaradılmış və ya təkmilləşdirilmiş məhsul (iş, xidmət), texnoloji proses, həmçinin ictimai münasibətlərin müxtəlif sahələrində (təşkilati-texniki, maliyyə-iqtisadi və digər sahələrdə) tətbiq edilən inzibati, kommersiya, texnoloji və digər xarakterli yeniliklər) hazırlanması, istehsalı və təkmilləşdirilməsini həyata keçirən, mikro, kiçik və orta sahibkarlıq subyekti olan, habelə Azərbaycan Respublikasında “Startap” şəhadətnaməsini və ya texnologiyalar parkının və texnoloji biznes inkubatorunun və ya sənaye və azad iqtisadi zonaların qeydiyyat şəhadətnaməsini alan sahibkarların innovativ layihələrinə bu qanunla müəyyən edilmiş qaydada yatırılması ilə məşğul olur.
Layihədə azad hesabatlı vençur kapitalı fondu rejimi və meyarları da əksini tapıb. Azad hesabatlı vençur kapitalı fondu aşağıdakı meyarların hamısına cavab verdikdə azad hesabatlı vençur kapitalı fondu rejimində fəaliyyət göstərə bilər:
– idarə etdiyi aktivlərin həcmi 50 (əlli) milyon manat ekvivalentini keçmirsə;
– investorlarının ümumi sayı əllidən çox deyilsə (fondun təşkilati-hüquqi forması üçün normativ hüquqi aktlarda daha az say müəyyən edildiyi hallar istisna olmaqla).
Vençur kapitalı fondu yalnız lisenziyalaşdırılan vençur kapitalı fondu rejimində fəaliyyət göstərə bilər. Vençur kapitalı fondu həmçinin könüllü olaraq lisenziyalaşdırılan vençur kapitalı fondu rejimində fəaliyyət göstərmək barədə qərar qəbul edə bilər. Lisenziyalaşdırılan vençur kapitalı fondu bu Qanunun VIII fəslinə uyğun olaraq Mərkəzi Bankdan lisenziya almalıdır.
İdarəçi vençur kapitalı fondunun nizamnamə (şərikli) kapitalının və ya investorların cəlb edilmiş kapital öhdəliklərinin azı 1 – 5 faizinə bərabər məbləğdə öz vəsaiti ilə fondda iştirak etməlidir.
Azad hesabatlı vençur kapitalı fondunun idarə edilməsi üçün bu Qanunla nəzərdə tutulmuş investisiya fondlarının idarə edilməsi üzrə lisenziya tələb olunmur. Aşağıdakı tələblərə cavab verən idarəçi (fondun icra orqanı və ya tam ortaq istisna olmaqla) fondun reyestrə qeydə alınması zamanı Mərkəzi Bank tərəfindən aparılan reyestrdə qeydə alınmalıdır:
– idarəçinin nizamnamə kapitalı azı 50.000 manat olmalı və ya 3 aylıq əməliyyat xərclərini qarşılamaq üçün kifayət edən likvid aktivlərə malik olmalıdır (hansı daha yüksəkdirsə);
– idarəçinin rəhbər şəxsləri (və ya tam ortaqlar) bu qanunda nəzərdə tutulan məqbul və lazımi keyfiyyətlərə malik olmalıdırlar. Azad hesabatlı vençur kapitalı fondunun idarəçisi eyni zamanda ondan artıq vençur kapitalı fondunu idarə edə bilməz.
Azad hesabatlı vençur kapitalı fondu Mərkəzi Banka hesabat təqdim etməlidir.
Mərkəzi Bankın azad hesabatlı vençur kapitalı fondu üzərində nəzarəti illik hesabatların monitorinqi vasitəsilə həyata keçirilir. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondu azı üç hüquqi və (və ya) fiziki şəxs tərəfindən yaradılır. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun təsisçilərinin (iştirakçılarının) ümumi sayı əllidən çox ola bilməz. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun investisiya bəyannaməsi fondun təsis yığıncağının qərarı ilə, fond yaradıldıqdan sonra isə səhmdarların ümumi yığıncağının qərarı ilə qəbul edilir.
Kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunda idarəetmə Mülki Məcəlləyə uyğun həyata keçirilir. Kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondu ilə müvafiq müqavilələr bağlamış idarəçi, depozitar, auditor və qiymətləndirici, habelə onlara aidiyyəti olan şəxslər və onların nümayəndələri fondun iştirakçısı ola bilməz. Kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun investisiya bəyannaməsi fondun tam ortaqlarının qərarı ilə qəbul edilir.
Məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan vençur kapitalı fondu yalnız azad hesabatlı vençur kapitalı fondu rejimində fəaliyyət göstərə bilər.
Vergi Məcəlləsinə təklif edilən yeni – 102.1.43-6-cı maddəyə əsasən, vençur kapitalı fondları tərəfindən həmin fondların iştirakçılarına (investorlarına, payçılarına) ödənilən dividendlər gəlir vergisindən azad olacaq.
Vençur kapitalı fondlarının rezident və ya qeyri-rezident hüquqi şəxslərin nizamnamə kapitalında sahib olduğu iştirak payına (səhminə) görə əldə etdikləri dividend gəlirlərinin və göstərilən vergi ödəyicilərinin həmin maddədə müəyyən edilmiş şərtlər daxilində sahib olduqları iştirak paylarının (səhmlərinin) özgəninkiləşdirilməsindən (satışından) əldə etdikləri mənfəətin (kapital artımının) 100 faizi mənfəət vergisindən azad edilir.
Vençur kapitalı fondlarının investisiya fəaliyyətindən (iştirak paylarının və səhmlərin təqdim edilməsindən, dividend alınmasından) və ali təhsil və elmi-tədqiqat müəssisələri tərəfindən həyata keçirilən texnologiya transferi və elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinin nəticələrinin kommersiyalaşdırılması fəaliyyətindən əldə olunan mənfəətin 100 faizi, vençur kapitalı fondları tərəfindən həmin fondların iştirakçılarına (investorlarına, payçılarına) ödənilən dividendlər də vergidən azad olunur.




