Vüsal Qasımlı: Pandemiya tələb və təklifin artım tempini yavaşıdır
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, qlobal şoklar və pandemiya ölkəmizdə məcmu tələb və məcmu təklifin artım tempinə mənfi təsir göstərir: “Qlobal səviyyədə də tələb-təklif spiralı aşağı istiqamətlənib. Buna baxmayaraq, bu ilin ilk rübündə Azərbaycanda ÜDM-in artımı real ifadədə mümkün olacaq. Xüsusən də, qeyri-neft sənayesi, bitkiçilik, informasiya və rabitə xidmətləri bu artımın əsas drayverləri olacaqlar. Lakin neft qiymətlərinin kəskin düşməsi fonunda bu ilin ilk rübündə ÜDM deflyatorunun da aşağı düşməsi proqnozlaşdırılır. 2017-ci ildən azalan ÜDM deflyatorunun bu ilin ilk rübündə ən aşağı həddə enəcəyini proqnozlaşdırmaq olar. Bu da ilk rübdə ölkədə məhsul və xidmət istehsalının nominal qiymətinə mənfi təsir edəcək. ÜDM deflyatorunun azalması tədiyyə balansına, beynəlxalq investisiya mövqeyinə və yığım səviyyəsinə də mənfi təsir edir.
Hazırkı qlobal iqtisadi böhran şəraitində makroiqtisadi siyasət seçimi iki qərar arasındadır: pandemiyanın qarşısının alınması və resessiyaya yol verilməməsi. Azərbaycan höküməti bütün vasitələrdən istifadə edib pandemiyanın qarşısını almaqla yanaşı, həm də bazar iştirakçılarını dəstəkləməklə mümkün itkiləri minimallaşdırmaq xətti seçib.
Likvidlik tələsinə düşən və uçot dərəcəsi sıfıra yaxınlaşan bəzi Avropa ölkələri böhranla mübarizədə “helikopter pulları”, avrobond və “koronabond”dan istifadə etməklə maliyyə resursları cəlb etmək məcburiyyətində qalıblar. İnkişaf etməkdə olan 80 ölkə isə BVF-nin dəstəyinə arxalanır. “Böyük 20-lik” də ehtiyacı olan ölkələri böhranla mübarizədə dəstəkləmək üçün 5 trilyonluq büdcə ayırmaq barədə qərara gəlib. Əlbəttə, “havayı pendir yalnız tələdə olur.” Bu arada Azərbaycanın əhəmiyyətli valyuta ehtiyatlarını, güclü fiskal mövqeyini və aşağı xarici borc səviyyəsini əsas götürən “Standard and Poor’s” agentliyi ölkəmizin beynəlxalq kredit reytinqini dəyişməyərək “BB+” səviyyəsində saxlayıb. Qlobal şokların təsiri altında Azərbaycanda cari əməliyyatlar hesabında və kapital və maliyyə hesabında kəsir yaranarsa, ehtiyat aktivlərlərin həcmi imkan verəcək ki, kəsirin maliyyələşməsi həyata keçirilsin. Onsuz da, həm qlobal, həm də milli səviyyədə iqtisadiyyatlar itkiyə məruz qalacaqlar. Əsas məsələ itkini minimallaşdırmaq, xarici borcu nəzarətdə saxlamaq və post-korona dövrünə daha yaxşı hazırlaşmaqdır. Bir məsələ də var ki, Azərbaycanda təklifin artım sürətinin yavaşıması biznes dövrü ilə deyil, xarici şoklarla bağlıdır. Deməli, xarici şokların təsiri kuliminasiya nöqtəsinə çatıb səngiməyə başlayanda, Azərbaycan iqtisadiyyatı da öz biznes dövrünə uyğun inkişafını bərpa edəcək. Hansı ki, qlobal iqtisadiyyatda hətta koronaböhrandan əvvəl də artım tempi yavaşıyırdı.
Azərbaycanın xarici borc və monetar yumşalma deyil, öz resursları ilə böhranla mübarizə aparması ölkəmizi post-böhran dövründə daha əlverişli vəziyyətə çıxaracaq. Keyns nəzəriyyəsinə görə, böhran zamanı hökümətin müdaxiləsi zəruridir. Bir şərtlə ki, dəstək proqramı səmərəli və nəticə-əsaslı tətbiq edilsin. Lakin Rikardo-Barro effektinə görə, hökümətlərin borca əsaslanan indiki xərcləmələri, gələcəkdə həmin borcu qaytarmaq üçün vergi yükünü artırır. Hər iki yanaşmanı nəzərə alanda Azərbaycan böhranla mübarizədə daha əlverişli vəziyyətdədir. Başqa sözlə, Azərbaycan hökümətinin bu gün iqtisadiyyata verdiyi dəstəyi, sabah vətəndaşımız vergi kimi geri qaytarmaq məcburiyyətində qalmayacaq. Çünki Azərbaycanda sosial bazar modeli qurulub və dövlətin siyəsətinin mərkəzində vətəndaş dayanıb.”