“Walmart” supermarketlər şəbəkəsinin mənfəəti artıb

ABŞ-ın ən böyük supermarketlər şəbəkəsi olan “Walmart” birinci rüb üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, şirkət birinci rübdə proqnozları (132.7 milyard dollar) üstələyərək 134.6 milyard dollar gəlir əldə edib. Bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 8.6% çoxdur. Satışların 29.8 milyard dolları xarici ölkələrdə fəaliyyət göstərən supermarketlərdə həyata keçirilib. Xalis mənfəət göstəricisi isə ötən ilin müvafiq dövrünə nisbətdə 3.9% artaraq 3.99 milyard dollar səviyyəsində qərarlaşıb.

Şirkətin koronavirus pandemiyası səbəbindən xərcləri ümumilikdə 900 milyon dollar həcmində yüksəlib. Bu məbləğin 755 milyon dollarlıq qismi şirkətin işçilərinə bonusların ayrılmasına xərclənib.

Pərakəndə nəhəngi hesabatında koronavirus pandemiyası dövründə vebsayt və mobil tətbiqetmə vasitəsilə həyata keçirilən onlayn satışların həcmində 74%-lik artım müşahidə olunduğunu əks etdirib.

Digər tərəfdən isə, şirkətin dünən Nyu York birjasında səhm dəyəri 2.12% (2.71 dollar) azalaraq 124.95 dollar səviyyəsində qərarlaşıb. Bazar kapitalizasiyası isə 354 milyard dollar civarındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır