
“Yeni Dövrün Çağırışı: Sosial Məsuliyyətli İctimai Tərəfdaşlıq” mövzusunda dəyirmi masa keçirilib. Tədbir DOST Agentliyinin təşkilatçılığı ilə baş tutub.
BBN.az xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən görüşdə Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə yanaşı, dövlət qurumlarının, özəl sektor və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov açaraq, sosial məsuliyyət və tərəfdaşlıq prinsiplərinin cəmiyyət üçün əhəmiyyətini vurğulayıb. Daha sonra Agentliyin fəaliyyəti ilə bağlı təqdimat nümayiş etdirilib.
Müzakirələrdə iştirakçılar dövlət, QHT və biznes qurumları arasında əməkdaşlığın sosial rifahı gücləndirməkdə mühüm rol oynadığını qeyd ediblər. Bildirilib ki, bu cür platformalar sosial məsuliyyət mədəniyyətinin formalaşdırılması və dövlət-cəmiyyət tərəfdaşlığının inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.






