2020-ci ilin yanvar-mart aylarında əsas kapitala 6,5 faiz çox vəsait yönəldilib

2020-ci ilin yanvar-mart aylarında əsas kapitala 2929,4 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 29,3 faiz artmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,1 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 2021,0 milyon manatı və ya 69,0 faizi məhsul istehsalı sahələrinə, 619,7 milyon manatı (21,1 faizi) xidmət sahələrinə, 288,7 milyon manatı (9,9 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1703,5 milyon manatını və ya 58,2 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1684,3 milyon manatı və ya 57,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 66,9 faiz, büdcə vəsaitləri 17,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,4 faiz, bank kreditləri 4,5 faiz, sair vəsaitlər 2,7 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,8 faiz təşkil etmişdir.

2020-ci ilin yanvar-mart aylarında Bakı şəhərində “Yeni klinika” tibb müəssisəsi, Naxçıvan Muxtar Respublikasında ambulatoriya-poliklinika müəssisəsi, Şəki şəhərində 200 çarpayılıq xəstəxana binası, Ağstafa, Goranboy, Kürdəmir, Qazax və Tovuz rayonlarında “Azərxalça” ASC-nin filialı, Kürdəmir və Tovuz rayonlarında  “Asan Həyat” kompleksi, Goranboy və Qazax rayonlarında Mərkəzi Xəstəxana, Ağstafa rayonunda Aqrar Sənaye Kompleksi, Qazax rayonunda əhəng zavodu, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi, Tovuz rayonunda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır