
2026-cı il iyulun 1-nə Azərbaycanda dövriyyədə olan dövlət qiymətli kağızlarının ümumi həcmi 7 milyard 234,6 milyon manata çatıb.
BBN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2026-cı ilin I yarımili üzrə dövlət borcu və dövlət zəmanətli borca dair Statistik Bülleten”ində məlumat verilib.
Bildirilib ki, bu göstərici 2018-ci illə müqayisədə təxminən 6,8 dəfə artıb. Artım daxili maliyyə bazarının inkişafının dəstəklənməsi, eləcə də xarici dövlət borcunun mərhələli şəkildə daxili dövlət borcu ilə əvəzlənməsi strategiyası çərçivəsində həyata keçirilən tədbirlərlə əlaqələndirilir.
Statistik bülletenə əsasən, iyulun 1-nə daxili dövlət borcunun 7 milyard 234,6 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8 milyard 747,4 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərin payına düşür.
Maliyyə Nazirliyi qeyd edir ki, dövlət qiymətli kağızları bazarının genişləndirilməsi daxili maliyyə bazarının dərinləşməsinə, borclanma mənbələrinin şaxələndirilməsinə və dövlət borcunun daha səmərəli idarə olunmasına xidmət edir.




