Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda inflyasiyanın 10% olacağını proqnozlaşdırır.
BBN.az xəbər verir ki, bu barədə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş sentyabr sayında bildirilir.
Sənədə əsasən, bu, ADB-nin aprel proqnozu ilə müqayisədə 3 faiz bəndi çoxdur.
Bank gələn il isə Azərbaycanda inflyasiyanın 8,5% olacağını gözləyir ki, bu da əvvəlki proqnoza nisbətən 2 faiz bəndi çoxdur.
ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionunda inflyasiyanın bu il 10,6% (əvvəlki proqnoza nisbətən 0,3 faiz bəndi çox), gələn il isə 8% (0,5 faiz bəndi çox) olacağını proqnozlaşdırır.
“Azərbaycan Mərkəzi Bankı bu il inflyasiyanı çilovlamaq üçün yanvar-may aylarında uçot dərəcəsini 8,25%-dən 9%-ə qaldırıb. Bundan başqa, hökumət qiymətlərə nəzarət etmək, inflyasiyanı önləmək, qiymət sabitliyinə nail olmaq istiqamətində tövsiyyələrin hazırlanması üçün işçi qrup yaradıb. Pul siyasətinin sərtləşdirilməsinə baxmayaraq inflyasiya təzyiqləri qalmaqdadır. Bu ilin 7 ayında illik inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz bəndi azalaraq 13%-dən 12,2%-ə, qlobal ərzaq qiymətlərinin azalmasının təsiri ilə isə ərzaq qiymətlərindəki artım 4,4 faiz bəndi azalaraq 18,7%-dən 14,3%-ə düşüb. Əvəzində digər mallar üzrə inflyasiya 7%-dən 11%-ə, xidmət sektoru üzrə inflyasiya isə 10,1%-dən 10,4%-ə çatıb. Bu irəliləyişlərin fonunda ADB 2023-2024-cü illər üçün inflyasiya proqnozlarını artırır”, – deyə Bank bəyan edib.
Report