
Qazaxıstanın paytaxtı Astanada Azərbaycan və Qazaxıstan hökumətləri arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya layihəsi üzrə növbəti danışıqlar keçirilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, görüşdə Azərbaycan tərəfindən Dövlət Vergi Xidmətinin ekspertləri və Maliyyə Nazirliyinin nümayəndəsi, Qazaxıstan tərəfindən isə Maliyyə Nazirliyinin səlahiyyətli şəxsləri iştirak ediblər.
Müzakirələr nəticəsində Konvensiya layihəsinin vergitutmaya dair əksər müddəaları üzrə razılıq əldə olunub. Tərəflər açıq qalan maddələrin qısa müddətdə razılaşdırılması üçün səylərin artırılması barədə razılığa gəliblər.
Səfər çərçivəsində həmçinin Qazaxıstanın Milli Gəlirlər Komitəsinin nümayəndələri ilə “Transfer qiymətləri” mövzusunda fikir mübadiləsi aparılıb və bu sahədə gələcək əməkdaşlığın gücləndirilməsi razılaşdırılıb.




