
2026-cı ilin 1 yanvar tarixindən etibarən ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri mənşə sertifikatlarını əldə etmək məqsədilə müraciətlərini yalnız Keyfiyyət informasiya sistemi (E-keyfiyyet.gov.az) üzərindən həyata keçirməlidirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə müraciət edir.
2026-cı ilin 1 yanvar tarixindən etibarən mənşə sertifikatları üzrə müraciətlər yalnız Keyfiyyət informasiya sistemi (E-keyfiyyet.gov.az) üzərindən qəbul olunacaq.
Bununla əlaqədar olaraq, cari ilin avqust ayından etibarən Bakı şəhəri və regionlarda 300-dən çox ixracla məşğul olan sahibkarlıq subyektləri ilə “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair maarifləndirici görüşlər keçirilib. Nəticədə, ümumi təqdim olunan mənşə sertifikatlarının 83%-i Keyfiyyət informasiya sistemi üzərindən təmin edilib.
Sahibkarların Keyfiyyət informasiya sistemindən istifadə bacarıqlarının artırılması məqsədilə “Mənşə sertifikatı” alt moduluna dair videotəlimat Agentliyin rəsmi “Youtube” kanalında (https://www.youtube.com/watch?v=ZUwJT2mODRg&t=89s) da yerləşdirilib. Həmçinin “e-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsinin (https://e-keyfiyyet.gov.az/e-services) “Mənşə sertifikatlarının alınması üçün müraciət” alt bölməsi vasitəsilə də videotəlimatla tanış olmaq mümkündür.
Qeyd edək ki, hazırda mənşə sertifikatlarının əldə olunması üçün müraciətlər həm Keyfiyyət informasiya sistemi (E-keyfiyyet.gov.az), həm də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsi (economy.gov.az) vasitəsilə hibrid formada həyata keçirilir.






