
Azərbaycan Mərkəzi Bankı (AMB) və “Visa” beynəlxalq kart təşkilatı arasında sərhədlərarası köçürmələrin təhlükəsizliyinin artırılması müzakirə edilib.
BBN.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədri Taleh Kazımov “Visa”nın baş vitse-prezidenti, MDB və Cənubi və Şərqi Avropa regionu üzrə meneceri Kristina Doros ilə görüş keçirib. Görüş zamanı ödənişlər sahəsində son tənzimləyici dəyişikliklər, fırıldaqçılıq hallarının önlənməsi, eləcə də ödəniş sistemlərinin və sərhədlərarası köçürmələrin təhlükəsizliyinin artırılması istiqamətində müasir yanaşmaların tətbiqi məsələləri müzakirə olunub, həmçinin ölkəmizdə ödəniş infrastrukturunun modernləşdirilməsi, rəqəmsal ödəniş ekosisteminin inkişafı və innovativ həllərin tətbiqi istiqamətində həyata keçirilən təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.





