
Bu ilin yanvar ayında Azərbaycan Türkiyəyə 41 min 761,71 ton xam neft ixrac edib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, ixrac olunan xam neftin dəyəri 19 milyon 543,44 min ABŞ dolları təşkil edib. Bu göstərici 2025-ci ilin yanvar ayı ilə müqayisədə miqdar baxımından 4,8 dəfə, dəyər baxımından isə 4,6 dəfə çoxdur.
Türkiyəyə ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 1,58 % olub.
Qeyd edək ki, bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan ümumi dəyəri 1 milyard 238 milyon 082,05 min ABŞ dolları olan 2 milyon 642 min 930,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat ayında Azərbaycanın xarici ölkələrlə apardığı ticarət əməliyyatlarının ümumi dəyəri 3 milyard 538 milyon ABŞ dolları olub. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb.





