
Qlobal investisiya bankı Goldman Sachs 2026-cı ilin sonu üçün qızıl qiyməti proqnozunu yenidən yüksəldib. Bank artıq ilin sonunda bir unsiya qızılın 5.400 dollar səviyyəsinə çatacağını gözləyir. Xatırladaq ki, yanvar ayında spot qızıl qiyməti 5.589 dollarla tarixi maksimuma yüksəlmiş, hazırda isə 5.180-5.200 dollar aralığında sabitləşib. Goldman əvvəlki 4.900 dollar proqnozunu 5.400 dollara qaldırıb. Bankın analitikləri bildirirlər ki, qızılın yüksəlişi təkcə faiz endirimləri ilə izah olunmur.
Əsas səbəblər:
- Qərb ölkələrində qızıl ETF-lərinə güclü kapital axını (2025-dən bəri təxminən 500 ton)
- Yüksək varlı şəxslərin fiziki qızıl alışı
- İnstitusional investorların qızıl opsionlarına marağı
- “Valyuta dəyərsizləşməsi” (debasement trade) qorxusu
- Dövlət borcları və fiskal dayanıqlılıqla bağlı narahatlıqlar
Bankın proqnozuna görə, 2026-cı ildə mərkəzi banklar aylıq orta hesabla 60 ton qızıl alacaq. Xüsusilə, People’s Bank of China 2026-cı ilin yanvarında artıq 15-ci ay ardıcıl olaraq qızıl ehtiyatlarını artırıb. Bu isə dollar aktivlərindən diversifikasiya prosesinin davam etdiyini göstərir. Bank qızılın yüksəlişini genişmiqyaslı “əmtəə super-sikli”nin başlanğıcı kimi qiymətləndirmir. Analitiklərin fikrincə, bu artım struktur makro risklərə qarşı uzunmüddətli hedc strategiyası ilə bağlıdır və qısamüddətli spekulyativ dalğa deyil. Qızıl 2025-ci ildən davam edən yüksəliş trendini qoruyur. Goldman Sachs-ın proqnozu isə bazara aydın mesaj verir: risklər qalır və investorlar hələ də qızıla sığınır.





