
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 828,4 min ton avtomobil benzini istehsal olunub.
BBN.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 % çoxdur.
Hesabat dövründə neft məhsullarının istehsalı sahəsində ümumi istehsalın dəyəri 3 milyard 463,2 milyon manat təşkil edib. Bu, illik müqayisədə 4,9 % azalma deməkdir.
Yanvar-iyul aylarında ölkədə 74,2 min ton mazut istehsal edilib. Mazut istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 31,1 % artıb.
Dizel yanacağının istehsalı isə 1 milyon 360,2 min ton təşkil edib ki, bu da illik müqayisədə 1,9 % azdır.
Digər neft məhsulları üzrə istehsal göstəriciləri belə olub:
- Sürtkü yağları – 26,3 min ton (+20,1 %);
- Neft bitumu – 81,7 min ton (-42,2 %);
- Maye qazlar – 107,2 min ton (-19,8 %);
- Ağ neft – 322,6 min ton (-20,3 %);
- Neft koksu – 140,3 min ton (+10 %).
Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu Azərbaycanın əsas yanacaq məhsulları istehsalçısıdır. Zavod ölkəni Aİ-92 markalı benzin, dizel və təyyarə yanacağı ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini xammalla təchiz edir.
Müəssisədə istehsal olunan məhsulların bir hissəsi ixrac edilir. Zavodun modernləşdirilməsi və yenidən qurulması işləri istehsal gücünün artırılmasına, “Avro-5” standartlarına uyğun yüksək keyfiyyətli yanacağın istehsalına, “Azərikimya” İB-nin xammalla təminatının sabitləşdirilməsinə və neft məhsullarının ixrac imkanlarının genişləndirilməsinə yönəlib.





