Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın da iştirak etdiyi, ümumi dəyəri 2 milyon ABŞ dolları olan iki regional texniki yardım layihəsini təsdiqləyib.
BBN.az xəbər verir ki, bu barədə ADB məlumat yayıb.
Məlumata görə, 1,5 milyon ABŞ dolları dəyərində olan birinci regional layihə – “Birlikdə ACT: Mərkəzi və Qərbi Asiyada sürətlənirik, inkişaf və əməkdaşlıq edirik” Azərbaycanla yanaşı Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir.
500 min ABŞ dolları dəyərində olan ikinci regional layihə isə “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin təşviqi: 4-cü alt layihə” adlanır və 13 ölkəni əhatə edir. Hər iki layihənin ADB-nin Xüsusi Texniki Yardım Fondu hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
ADB-nin məlumatına görə, birinci layihə satınalmalar sahəsində potensialın gücləndirilməsinə, layihələrin hazırlıq səviyyəsinin artırılmasına, eləcə də Mərkəzi və Qərbi Asiya Departamentinin (CWRD) inkişaf etməkdə olan üzv ölkələrində portfel və layihələrin daha səmərəli idarə edilməsinə yönəlib. Layihə çərçivəsində ADB tərəfindən maliyyələşdirilən layihələr üzrə icraçı və həyata keçirən agentliklərə, xüsusilə layihələrin hazırlanması və icrası mərhələsində praktiki dəstək göstəriləcək.
Texniki yardım beynəlxalq və yerli məsləhətçilərin cəlb edilməsi yolu ilə satınalmalar, müqavilə və layihə idarəetməsi sahəsində potensialın artırılmasına, portfel keyfiyyətinin yüksəldilməsinə və icra prosesində gecikmələrin azaldılmasına xidmət edəcək. Bununla yanaşı, analitik tədqiqatların aparılması və portfel idarəetməsi üzrə qabaqcıl təcrübələrin sistemləşdirilməsi planlaşdırılır.
İkinci layihə çərçivəsində isə ADB Asiya və Sakit okean regionunda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasını dəstəkləməyi hədəfləyir. Bank qeyd edir ki, region 2030-cu ilədək 17 DİM-in icrası üzrə qrafikdən geri qalır və COVID-19 pandemiyası bu prosesi daha da ləngidib. Xüsusilə yoxsulluq, bərabərsizlik, səhiyyə, təhsil və gender bərabərliyi ilə bağlı sahələrdə problemlər dərinləşib.
Eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizə, məsuliyyətli istehlak və istehsal, eləcə də quruda və suda həyatın qorunması kimi ekoloji DİM-lər üzrə irəliləyişlərin ləng getdiyi vurğulanır. Büdcə məhdudiyyətləri isə inkişaf etməkdə olan ölkələrin bu məqsədlərə nail olmaq imkanlarını daha da məhdudlaşdırır.
Layihə çərçivəsində ADB-nin üzv ölkələrində DİM-lərə yönəlmiş daha keyfiyyətli proqram və layihələrin hazırlanması və icrası, nəticəyönümlü layihələndirmə və idarəetmə imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində bank ölkəyə ümumilikdə təxminən 5,6 milyard ABŞ dolları həcmində investisiya yatırıb. Bunun 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları isə özəl sektora yönəlib. Nəqliyyat (1,5 milyard dollar) və enerji (1,7 milyard dollar) sektorları ən çox maliyyələşdirilən sahələr olub.
Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB-nin Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər investisiya qoymağa hazır olduğu bildirilir.
ADB 1966-cı ildə yaradılıb, mənzil-qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Bankın 69 səhmdar ölkəsi var, onlardan 50-si Asiya–Sakit okean regionuna daxildir.





