
Azərbaycanda “Açıq Bankçılıq” sisteminin tətbiqi banklara müştərilər üçün daha fərdiləşdirilmiş kredit təklifləri hazırlamağa imkan verəcək.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan bildirib.
Onun sözlərinə görə, “Açıq Bankçılıq” sistemi tətbiq edilmədikdə istifadəçilər yalnız hesablarının olduğu bankın mobil tətbiqindəki məlumatları görə bilirlər. Yeni sistem vasitəsilə isə vətəndaşlar digər banklardakı hesablarını da eyni tətbiqə əlavə edərək bütün maliyyə məlumatlarını ümumi şəkildə izləyə biləcəklər.
AMB rəsmisi qeyd edib ki, bu məlumatlardan istifadə edən banklar müştərilərə daha uyğun və fərdi maliyyə məhsulları təqdim etmək imkanı qazanacaqlar.
“Hazırda hansısa bank bütün müştərilərə eyni formada, məsələn 20 min manata qədər kredit təklif edə bilir. Bu həm 500 manat maaş alan, həm də 5 000 manat əməkhaqqı alan şəxs üçün keçərlidir. Yeni sistemdə isə bank müştərinin dəqiq gəlirlərini görə bildiyi üçün ona uyğun fərdiləşdirilmiş kredit təklif edə biləcək”, – deyə E.Didəkənan bildirib.
O əlavə edib ki, “Açıq Bankçılıq” çərçivəsində vətəndaşların digər banklardakı əməkhaqqı və qeyri-əməkhaqqı gəlirləri də nəzərə alınacaq. Bununla banklar müştərinin ümumi maliyyə dövriyyəsini qiymətləndirərək dövriyyə krediti təqdim edə biləcəklər.
AMB nümayəndəsinin sözlərinə görə, sistem ödənişlərin ölkə daxilində lokal şəkildə həyata keçirilməsinə də şərait yaradacaq:
“Bu, ölkəmiz üçün böyük üstünlükdür. Məlumatlar ölkə xaricinə çıxmadan ödənişlərin icrası mümkün olacaq”, – deyə o vurğulayıb.




