
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə xalis stabil maliyyələşmə əmsalının (“Net stable funding ratio”) tətbiqinə başlayacaq.
BBN.az xəbər verir ki, bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə açıqlayıb. O bildirib ki, bununla bağlı hazırda konsepsiya hazırlanır və məqsəd bank sektorunun uzunmüddətli likvidliyini tənzimləməkdir.
Şahin Mahmudzadə həmçinin izafi borclanmanın qarşısının alınmasının əsas məqsəd olduğunu vurğulayıb: “Biz borclanmanı tam qadağan etmirik, sadəcə sağlam şəkildə olmalıdır. Məsələn, aylıq gəliri 5 manat olan insan ayda 6 manat ödəmə etməməlidir. Borclanma gəlirə uyğun olmalıdır. Əhalinin gəlirləri artdıqca borclanma da yüksəlir, amma region ölkələri ilə müqayisədə səviyyə aşağıdır.”
AMB rəsmisi əlavə edib ki, bank sektorunda Bazel III, sığorta sektorunda isə Solvency II standartlarına keçid nəzərdə tutulur. Eyni zamanda, yaxın gələcəkdə bazar risklərinin idarə edilməsinə dair qaydalar müəyyən edilərək ictimaiyyətə açıqlanacaq.







